RU

Rusiya XİN: Ermənistanın rusiyalı jurnalistin Zəngəzur dəhlizi barədə sözlərinə mənfi reaksiyası təəccüb doğurur

Zəngəzur dəhlizi ilə bağlı jurnalistin Rusiya televiziyasında yayımlanan fikirlərinə Ermənistanın hədsiz emosional mənfi reaksiyası təəccüb doğurur.

AZƏRTAC xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Rusiya televiziyasında səsləndirilən bəyanatlarla əlaqədar RF səfirinin Ermənistan Xarici İşlər Nazirliyinə çağırılması faktını şərh edərkən bildirib.

“Biz həmişə İrəvandan eşitmişik ki, Ermənistan söz azadlığına sadiqdir. Bizim rəsmi mövqeyimiz İrəvana məlumdur. Biz ardıcıl olaraq üçtərəfli sazişlər əsasında Cənubi Qafqazda bütün nəqliyyat və iqtisadi əlaqələrin açılmasından danışırıq”.

M.Zaxarova qeyd edib ki, Qərbin Ermənistana dağıdıcı təsiri səbəbindən Cənubi Qafqazda kommunikasiyaların bloklanması üzrə üçtərəfli işçi qrupun işində fasilə yaranıb.

“Əminik ki, tamhüquqlu əməkdaşlığın qrup çərçivəsində mümkün qədər tez bərpası Cənubi Qafqaz regionunda nəqliyyat və kommunikasiya sisteminin açılmasına töhfə verməklə yanaşı, bütün regionun gələcək sosial-iqtisadi inkişafını təmin edəcək”, -deyə o əlavə edib.

Rusiya XİN-in nümayəndəsi vurğulayıb ki, Moskva bu problemin həllində Azərbaycana və Ermənistana kömək etməyə hazırdır.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Избранный
6
4
xalqqazeti.az

5Источники