RU

“Fasilə bir həftə də artıq olsaydı, məşqçilər üçün rahat olardı” - narazılara haqq qazandırdı

Premyer-liqa klublarını çalışdıran əksər mütəxəssislər qış hazırlığının müddətinin az olmasından şikayətlənir.

Bildiyiniz kimi, dekabrın 22-də keçirilən 18-ci turun son oyunu ilə premyer-liqada ilk yarıya yekun vuruldu. Yanvarın 17-də Misli premyer-liqasının 19-cu turu “Qarabağ” – “Şamaxı” oyunu ilə start götürəcək.

Bu narazılıqlarla bağlı təcrübəli mütəxəssis Aslan Kərimovun fikirlərini öyrənməyi lazım bildik:

“Əslində baş məşqçilər haqlıdı. Bu, təkcə Azərbaycanın problemi deyil. Bu il, ümumiyyətlə, fasilə çox az oldu. Adətən, qış fasiləsindən sonrakı oyunlar fevralın əvvəlində başlayırdı. İndi isə yanvarın 17-də start götürəcək. Avropada da belədi. Bəzən görürsən ki, qış fasiləsinin müddəti qısa olur. Səbəbləri başadüşüləndi. Çempionatı təşkil edən şirkətlər və şəxslər kimlərləsə müqavilə bağlayır. Bu dediklərim Azərbaycana aid deyil. Bizdə tez başlamasının səbəbi yəqin ki, başqadı. Vaxt məsələsi ilə bağlı olan bir şeydi. Amma xaricdə bu bir biznesdi. Bütün bunların hamısı oyunların tez başlamasına səbəbdi. Heç kim də bu məqamda futbolçuların nə qədər yorğun olduğuna diqqət yetirmir. Deyə bilmərəm ki, məşqçilər oyunçuların qayğısına qalır. Futbolçularda psixoloji və fizioloji yorğunluq olduğu halda, istədikləri kimi məşq edə bilmirlər. Məşqçilərdə buna görə narahat olurlar ki, futbolçular istədiklərini meydanda tətbiq edə bilmirlər. Bu baxımdan düşünürəm ki, haqlıdılar.

Ümumilikdə bir fasilədə mezo tsiklin olması lazımdı. Oyunlar arasında üç fasilə var: makro, mezo və mikro. Böyük, orta və kiçik fasilə mövcuddu. Mikrotsikl çempionat ərzində oyundan-oyuna olan fasilədi. Mezotsikl ən azı 3-6 həftəni əhatə edir. Oyunçularımızın təxminən 3 həftəyə yaxın zamanları oldu. Bu 3 həftə çox azdı. 4-6 həftə olanda məşqçilər istədikləri çatışmazlıqların üzərində işləmək imkanı qazanır. Bu baxımdan hesab edirəm ki, fasilə az oldu. Belə olmasının səbəbini bilmirəm. Bəlkə də “Qarabağ”ın oyununa görə belə oldu. Hesab edirəm ki, fasilə bir həftə də artıq olsaydı, məşqçilər üçün rahat olardı. Həm də xaricdə toplanıb, aldıqları legionerləri yoxlamaq üçün yaxşı bir vasitə idi. Düşünürəm ki, məşqçilərin narazı olması əbəs yerə deyil. Bu narazılığın arxasında bir həqiqət var”.

ƏSƏD SEYİDOV
Избранный
8
football-plus.az

1Источники