RU

Tramp Ukrayna müharibəsini dayandıra biləcək? -

Donald Tramp yenidən ABŞ prezidenti olacağı təqdirdə Rusiya-Ukrayna müharibəsini tez bir zamanda bitirəcəyini dəfələrlə bəyan etmişdi. Artıq o, yanvarın 20-də and içərək səlahiyyətlərinə başlayacaq. Maraqlıdır, Tramp hakimiyyətə gəldikdən sonra həqiqətən də Ukrayna-Rusiya müharibəsini dayandıra biləcək? Politoloq Sahil Kərimli Metbuat.az-a açıqlamasında bildirib ki, yaxın günlərdə Trampın Amerika Birləşmiş Ştatlarında prezident kimi fəaliyyətə başlaması ilə dünyada yeni proseslərin cərəyan etməsi, geosiyasi durumda müəyyən qədər müsbət çalarların hiss olunması istiqamətində gözləntilər var: “İlk növbədə onu vurğulamalıyıq ki, Tramp hələ seçkidən öncə verdiyi vədlərdə dünyadakı bir çox nöqtələrdə yaradılmış münaqişə ocaqlarının ləğvi, sülhün əldə olunması ilə bağlı öz dəstəyini əsirgəməyəcəyini bildirmişdi. Biz bu günlərdə İsraillə Həmas arasında sülh müqaviləsinin imzalanmasının şahidi olduq. Bu uğur, əlbəttə ki, Trampın böyük təsiri nəticəsində baş verdi. O, hakimiyyətə gəldikdən sonra Rusiya və Ukrayna arasında davam edən müharibənin də sona çatacağını ehtimal etmək olar. Çünki məlumdur ki, müharibə fonunda Qərb, ABŞ, Avropa İttifaqı ölkələri Rusiyaya qarşı çox böyük iqtisadi sanksiyalar tətbiq ediblər və bu sanksiyalar şübhə yoxdur ki, həm də bumeranq effekti verir deyə bunu tətbiq edən ölkələr də iqtisadi baxımdan geriləmələrə məruz qalırlar. Bütün bu detalları nəzərə alıb demək olar ki, Tramp çalışacaq ki, Rusiya və Ukrayna arasındakı müharibəyə son qoyulsun və nəhayət, tərəflər arasında atəşkəs və yaxud sülh müqaviləsi imzalansın”. Politoloq vurğulayıb ki, Tramp özü bu istiqamətdə həm açıq bəyanatlar səsləndirir, həm də biz Trampın əvvəlki hakimiyyəti dövründə onun proseslərə loyal yanaşmasının şahidi olmuşuq: “Bundan sonra da Tramp əvvəlki ənənələrinə sadiq qalacaq və xüsusilə də Cənubi Qafqaz siyasətində də Amerika Birləşmiş Ştatlarının böyük dəyişikliklər etməsini gözləyirik. Çünki son beş ildə Bayden hakimiyyətin və bu hakimiyyətin əsas təmsilçilərindən olan Entoni Blinkenin dünyanın bir çox ölkələrində qanlı toqquşmalar, insanlıq faciələrinin yaradılması istiqamətində “fəaliyyəti”ni də unutmamalıyıq. Son günlərdə Blinkenin təkidi ilə Ermənistanla Amerika Birləşmiş Ştatları arasında imzalanmış strateji tərəfdaşlıq haqqında sazişi də xüsusi vurğulamalıyıq. Bütün bu proseslərin geridə qalacağına əminik. Donald Tramp hakimiyyətə gəldikdən sonra ABŞ dünyanın bütün nöqtələrində, eyni zamanda da Cənubi Qafqazda gedən proseslərə öz yeni baxışı ilə seçiləcək və siyasətinə müəyyən korrektələr edəcək”, - deyə Sahil Kərimli fikirlərini yekunlaşdırıb.

Sevinc İbrahimzadə / Metbuat.az

Избранный
3
1
metbuat.az

2Источники