Aydın Mirzəzadə: “Gürcüstanın siyasi inkişaf xətti həm region, həm də özü üçün əhəmiyyətə malikdir”
Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə işgüzar səfərdə olan Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə təkbətək görüşü keçirilib. Görüşdə bir sıra məsələlər müzakirə edilib. O cümlədən, Kobaxidze qeyd edib ki, onların partiyasının qələbəsi bölgədə sabitliyin və təhlükəsizliyin təmin edilməsi, ölkələrimizin münasibətləri baxımından əhəmiyyətlidir: “Bu müstəsna əhəmiyyətə malikdir”.
“Gürcü rəhbərinin ilk xarici səfərini Azərbaycana etməsi Gürcüstanın Azərbaycana necə yüksək qiymət verdiyini göstərir”
Mövzu ilə bağlı fikir bildirən millət vəkili Aydın Mirzəzadə baki-xeber.com-a şərhində bildirdi ki, Gürcüstan regionda çox strateji bir mövqeyə malikdir: “Gürcüstanın siyasi inkişaf xətti həm region, həm də özü üçün əhəmiyyətə malikdir. Təsadüfi deyil ki, bu gün Gürcüstana kənardan təsir etmək cəhdləri kifayət qədərdir. Gürcüstanı təsir altına almaq, milli maraqlarına zidd mövqe tutmaq cəhdləri yetərincədir. Gürcüstanda hakim partiyanın qələbəsi xaricdə müəyyən dairələri qane etmədi, onlar seçkinin yenidən keçirilməsini istədi. Ancaq hakim “Gürcü Arzusu” Partiyası parlamentdə yerlərin çoxunu tutdu və hökuməti qurdu. Bu məsələdə Azərbaycan Gürcüstan cəmiyyətini, gürcü xalqını dəstəklədi. İlham Əliyev hakim partiyanı ilk təbrik edənlərdən oldu. Gürcü rəhbərinin ilk xarici səfərini Azərbaycana etməsi Gürcüstanın Azərbaycana necə yüksək qiymət verdiyini göstərir. Gürcüstan baş nazirinin ölkəmizə səfəri hər iki ölkə arasındakı əlaqələri gücləndirdi və bundan sonra da məlum münasibətlər daha da güclənəcək. Bu hal dünya üçün nümunədir”.
Günel CƏLİLOVA