RU

20 Yanvar: cəzasız qalan cinayət

Sovet qoşunlarının Azərbaycanda törətdikləri qırğınlardan 35 il ötür. Bu gün tarixdə Qara Yanvar, Qanlı Yanvar, 20 Yanvar faciəsi olaraq adlansa da, qürur, iftixar və şərəflə yad edilir. Bu gün kommunist müstəmləkəsinə, zülmünə qarşı Azərbaycanın apardığı mübarizənin rəmzi, simvolu, simgəsidir. Həmin illərin Moskvası bütün hikkəsini müttəfiq respublikanın əhalisinə göstərdi, acığını, qisasını ondan almağa çalışdı.

Yanvarın 20-nə keçən gecə Bakı küçələrində "at oynadan" saqqallı xüsusi təyinatlı sovet hərbçiləri fərqinə varmadan hər kəsə atəş açdılar. Onlara verilən tapşırıq Azərbaycan cəmiyyətini qorxutmaq, insanların azadlıq uğrunda mübarizəsini sındırmaq idi.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə saat 23:30-da Sovet İttifaqı qoşunları SSRİ Ali Sovetinin Rəyasət Heyətinin "Bakı şəhərində fövqəladə vəziyyət elan edilməsi haqqında" Fərmanına uyğun olaraq və siyasi müxalifət nümayəndələrinin təşkil etdiyi kütləvi "iğtişaşların" qarşısını almaq üçün Bakıya daxil olublar.

Sovet ordusunun Bakıya və Azərbaycanın rayonlarına qanunsuz daxil olması və açdığı atəş nəticəsində 131 nəfər şəhid olmuş, 744 nəfər yaralanmış, 4 nəfər itkin düşmüş, 400 nəfər həbs edilmişdir. Hərbçilərin yandırıcı güllələrdən törətdikləri yanğınlar nəticəsində 200 ev və mənzil, 80 minik avtomobili, o cümlədən təcili tibbi yardım maşınları, dövlət və şəxsi əmlak məhv edilib. Ölənlər arasında qadınlar, uşaqlar və qocalar, təcili yardım xidmətinin əməkdaşları və polis əməkdaşları da var.

Sovet hərbi gəmilərindən açılan atəş nəticəsində Azərbaycana aid "Neftqaz-18", "Neftqaz-64", "Aktau", "Şirvan-2", "Çeleken-1", "Atlet-21", "Vodoley-4" gəmiləri ciddi zədələnmişdi.

Sovet hərbçiləri yanvarın 25-də Neftçalada və 26-da isə Lənkəranda səkkiz nəfəri şəhid etmişdi.

67-50 АГП, 67-51 АГП, 39-97 АГС dövlət qeydiyyat nişanlı təcili yardım maşınları tanklarla atəşə tutulmuşdu. Həkim A.M.Marxevka öldürülmüşdü. Süngü-bıçaqla qətl hadisələri də olub. Belə qurbanlardan biri kor və milliyətcə rus B.V.Yefimiçevdir.

1990-cı il yanvarın 22-də Azərbaycan SSR Ali Sovetinin növbədənkənar sessiyası keçirildi. Baş vermiş hadisələrə siyasi qiymət verildi. Ali Sovetin hadisələri araşdıran Komissiyasının Bəyanatında qeyd edilirdi ki, müttəfiq hakimiyyət orqanları Azərbaycan SSR-in suveren hüquqlarına etinasız yanaşır, SSRİ-nin yaradılması haqqında Müqavilənin şərtlərini, SSRİ Konstitusiyasını və Azərbaycan SSR Konstitusiyasını pozurlar.

O vaxt Moskvada yaşayan Heydər Əliyev 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar yanvarın 21-də Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış etdi. Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılması tələbini qoydu:

"Bütün vəziyyətlərdə, hesab edirəm ki, məsələni siyasi cəhətdən tənzimləmək, xalqla mükaliməyə girmək üçün əlverişli imkanlar olmuşdur. Lakin onlardan səmərəli istifadə edilməmişdir. Nəhayət, 19-dan 20-nə keçən gecə sovet ordusunun, SSRİ DİN-in böyük kontingenti Bakı şəhərinə yeridilmişdir. Nəticəsi isə göz qabağındadır. Bunun törətdiyi faciələr hamımıza məlumdur".

Mərhum Prezident Heydər Əliyev Bakıya əlavə qoşunların yeridilməsini də sərt tənqid etdi:

"Belə qərar qəbul etmiş adamların hərəkətini siyasi qəbahət sayıram. Bəli, kobud siyasi səhv buraxılmışdır. Onlar, sadəcə olaraq, respublikadakı əsl vəziyyəti qiymətləndirə bilməmiş, Azərbaycan xalqının psixologiyasını anlamamış, əhalinin müxtəlif təbəqələri ilə əlaqələri zəiflətmişlər.

Yeri gəlmişkən deyim ki, ölənlər arasında hərbi qulluqçuların olması haqqında da məlumatlar daxil olur. Sual olunur: ölkənin ali dövlət, partiya rəhbərliyinin səhv qərarı ucundan, olmayan qiyamı yatırtmaq adı ilə Azərbaycana göndərilmiş rus gənclərinin günahı nədir?

Azərbaycana kənardan böyük ordu kontingenti yeridilmişdir. Respublikada neçə ordu birləşməsinin olduğu mənə yaxşı bəllidir. Azərbaycanda kifayət qədər - 4-cü ordu, Xəzər Hərbi Dəniz Donanması, desant qoşunlarının diviziyası, Hava Hücumundan Müdafiə Qoşunları, DİN-in daxili qoşun birləşmələri vardır. Oraya əlavə qoşun yeritmək nəyə lazım idi? Əgər belə zərurət var idisə, orada yerləşən hərbi hissələrdən də istifadə etmək olardı... Qırğın törədənlərin hamısı layiqincə cəzalandırılmalıdır...".

O, Moskvada bütün gərginliklərə, təzyiqlərə baxmayaraq, hadisələrə belə ətraflı qiymət vermişdi. Bu, Azərbaycanda milli-azadlıq mübarizəsinə bir dəstək də sayılırdı. Həmin dövrdə Azərbaycanın güvəndiyi bir dövlət, beynəlxalq səviyyəli bir qurum belə yox idi.

Yeri gəlmişkən, mərhum Prezident Heydər Əliyev 1998-ci il martın 31-də 1990-cı ilin yanvarında Azərbaycanın azadlığı uğrunda şəhid olanların xatirəsini əbədiləşdirmək məqsədilə "20 Yanvar Şəhidi" fəxri adının təsis edilməsi haqqında fərman vermişdi.

Həmin illərdə Baltikyanı ölkələrdəki hərəkatları Avropa İttifaqı, ABŞ dəstəkləsə də, Azərbaycan yalnız öz gücü sayəsində həm Qarabağda erməni separatçılarına və havadarlarına qarşı mübarizə aparır, həm də milli-azadlıq hərəkatını xaricdən və daxildən atılan çamırlardan qoruyur, müstəqillik uğrunda mübarizəsini davam etdirirdi.

Sovetin siyasi və hərbi rəhbərliyi əsl məqsədi gizlətmək üçün birmənalı şəkildə erməniləri müdafiə etdiklərini bildirirdi. Ancaq əsas hədəf Azərbaycan milli azadlığı, mübarizəni yatırtmaq, Qarabağda ermənilərə yardım edən sovet hərbçilərinin işğalı genişləndirməsinə nail olmaq idi.

Bu hadisənin başlıca günahkarı SSRİ-nin ovaxtkı rəhbəri Mixail Qorbaçov, baş nazir Nikolay Rıjkov, müdafiə naziri Dmitri Yazov, dövlət təhlükəsizlik komitəsinin sədri Vladimir Kryuçkov, daxili işlər naziri Vadim Bakatin, Yevgeni Primakov, Viktor Lebed və başqalarıdır.

Azərbaycan xalqı beynəlxalq miqyasda daha bir ədalətsizliklə üzləşdi. Yanvar hadisələrinin qatili, cani Mixail Qorbaçov 1990-cı ilin oktyabrın 15-də "Bugünkü beynəlxalq vəziyyətin əsas hissəsini xarakterizə edən Sülh prosesindəki aparıcı roluna görə" Nobel Sülh Mükafatına layiq görülmüşdü. Bu, həm də beynəlxalq ictimaiyyətin respublikada baş verənlərə, yanvar hadisələrinə münasibətinin göstəricisi idi. Belə yanaşma sonrakı illərdə Azərbaycan torpaqlarının işğal olunmasına beynəlxalq vasitəçilərin laqeyd münasibətində də özünü göstərdi.

ATƏT-in Minsk qrupunun ABŞ, Fransa və Rusiya təmsilçilərindən ibarət həmsədrləri də fəaliyyətləri müddətində belə yanaşmaları ilə Qarabağın işğalda qalmasına xidmət etmişlər.

35 ildir bu cinayəti törədənlər cəzalanmayıb. Onların rəhbərləri ölsə də, qanlı hadisələri törədənlərdən sağ qalanlar hələ var.

Faşist hərbçilər, əsgərlər, onlara qulluq etmiş şəxslər illər sonra aşkarlanaraq cinayət məsuliyyətinə cəlb olunurdular. 2023-cü ilin aprelində 102 yaşlı faşist məhkum Yozef Şütz öldü. Ona hökm bir il öncə oxunmuşdu. Yozef Şütz həbs düşərgələrində kütləvi qətllərdə iştirak edib.

Bu, həm də sonrakı nəsil üçün bir tərbiyə üsuludur. Yaşından, sosial mövqeyindən asılı olmayaraq insanlığa qarşı cinayət törədənlər cəzalanır. Təəssüf ki, SSRİ mövcudluğu dövründə törətdiyi cinayətlərə görə heç vaxt cəzalanmadı. Sovetlərin Almaniya, Macarıstan, Çexoslovakiya, Polşa, Əfqanıstan, Vyetnam, Gürcüstan, Azərbaycanda törətdiyi vəhşiliklərlə bağlı Moskva üzr belə istəmədi.

SSRİ-nin varisi Rusiyadır. Ondan qalan bütün mülkiyyəti mənimsəyib, sahib çıxıb. Kreml sələfinin bu kimi əməllərinə görə üzr istəməyib.

Məsələn, ABŞ Şimali Amerikanın yerli sakinləri olan hindulardan üzr istəyib. Yaxud 1819-cu ildən 1969-cu ilə qədər Ştatlarda dövlət tərəfindən idarə olunan 400-dən çox internat məktəbi olub. Həmin illərdə hindu uşaqlarına qarşı tətbiq edilən zorakılıqlara görə də Ağ ev üzr istəyib. Ancaq Moskva çar Rusiyasının, sovetlərin törətdiyi cinayətlərə görə heç vaxt üzr istəməyib.

20 Yanvar müstəmləkə rejiminin iki yüz il ərzində Azərbaycanda həyata keçirdiyi faciəvi əməllərə daha bir örnəkdir.

1804-cü il yanvarın 3-də çar Rusiyası əsgərləri Gəncə xanlığının paytaxtı Gəncə şəhərini ələ keçirib. Gəncə xanlığı Kür çayının sağ sahilində Alazan çayının mənsəbinə qədər yerləşirdi. General Sisianov Qacarlar nəslindən olan V Gəncə xanı Cavad xandan təslim olmağı tələb edəndə Cavad xan imtina etmişdi. Gəncəyə yaxınlaşarkən Cavad xan onlarla savaşdı və məğlub oldu. Ancaq 1804-cü il yanvarın 3-də sübhçağı iki dəstəyə bölünmüş Sisianovun ordusu Gəncə üzərinə yürüş etdi. Qanlı həmlə zamanı Cavad xan ortancıl oğlu Hüseynqulu xanla birlikdə öldürüldü.

Yanvar həm də Azərbaycanın müstəmləkəyə qarşı mübarizəsi ayıdır. Bu ay Azərbaycanın azadlığı, ərazi bütövlüyü, suverenliyi uğrunda mübarizədə şəhid olmuş insanların anım günüdür. SSRİ, Rusiya həmişə ermənilərdən Azərbaycana təzyiq göstərmək üçün alət olaraq istifadə edib. Yüzillik problem də məhz bu gün həllini tapıb.

20 Yanvar şəhidləri həm də milli birlik günüdür. Bu güc özünü müstəqillik uğurunda mübarizədə, torpaqların işğaldan azad olunmasında da göstərib. Şəhidlər nəsillər üçün əbədi örnəkdir. Onlar azadlığın, müstəqilliyin, ərazi bütövlüyünün, mübarizənin simgəsidir.

REPORT

Избранный
7
7
milli.az

10Источники