RU

Səni sevəcəyəm, sən sevməsən də - Bilməli olduğumuz bir nüans var ki...

Qədim yunan filosofları sevginin altı formasını müəyyən etmişlər: ailə sevgisi, dostluq məhəbbəti və ya platonik sevgi (philia), romantik sevgi (eros), özünə sevgi (philautia), qonaq sevgisi (xenia), ilahi və ya qeyd-şərtsiz sevgi (agape).

Sevgilər iki növ olur: qarşılıqlı, qarşılıqsız. Qarşılıqsız sevgi bir tərəfin digər tərəfdən istədiyini görə bilmədiyi bir sevgi növüdür. Bu, tez-tez insanda kədərli və narahat bir ruh halına səbəb olsa da, depressiya və eyforiya arasında qəfil emosional dəyişikliklərə də səbəb ola bilər.

Bəzi insanlar bu mövzuda emosional zəiflik yaşayır. Belə ki, günümüzdə sevgisini ala bilməyən bir çox insan var ki, psixoloji cəhətdən zəif olurlar və qarşılıqsız sevgini aşa bilməyib intihara cəhd edirlər.

Bəs bu zəifliyin kökü nəyə dayanır?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən psixoloq Nabat Mirzəyeva bildirib ki, hər kəsin yaşanmış hekayəsi fərqlidir. Heç kim özü söyləmədən bilə bilmərik ki, onun travması nədən qaynaqlanır. Ancaq bilməli olduğumuz bir nüans var ki, sevgi görmədiyimiz yerdə əsla qalmamalıyıq:

"Fərqi yoxdur dosta, tanışa, ailəyə, sevdiyimiz insana verdiyimiz sevginin qarşılığını görmürüksə, o zaman vaz keçməliyik. Sözsüz ki, hər kəs bizi sevməlidi deyə bir fikir yoxdu. Biz insan olaraq bizim sevgimizə qarşılıq verməyən birinin fikrinə hörmət edərək ondan uzaqlaşmalıyıq. Təəssüf ki, bəzən insanlar bu durumlarda şiddətli şəkildə üsyan edir, mübarizə aparır".

N.Mirzəyeva bildirib ki, əslindı bu, bir az da uşaqlıqda, yaxud böyüdüyümüz zaman ərzində yaşadığımız hər hansı bir hadisəyə qaynaqlanır. İnsan özlüyündə sorğulamalıdır bunun səbəbini, bu kimə qarşı belə olub, kimdə görmüşük bu hadisəni:

"Böyüdüyümüz zaman ərəfəsində elə insanlar olur ki, bizə sevgi göstərmədiyi halda çalışırıq ki, onun sevgisini qazanaq. Bu insan bizim anamız, atamız, baba-nənəmiz, xalamız, əmimiz və s. kimi qohum, tanış ola bilər. Məsələn, məktəbli bir uşaq əgər valideyndən yetərli sevgi görmürsə, qazanmaq üçün çox oxuyar, yaxşı qiymətlər alar ki, valideyni onun necə çalışqan və ağıllı olduğunun fərqinə varsın, sevsin".

Nabat Mirzəyeva: Sevgi görmədiyimiz yerdə əsla qalmamalıyıq

Psixoloq vurğulayıb ki, insan öz düşüncəsini, sevgi anlayışını dəyişmədiyi müddətcə həyat qarşısına sanki xüsusi seçərək onu sevməyən insanları çıxaracaq:

"Baxış bucağı dedikdə, biz ilk olaraq qəbul etməliyik ki, bizi hər kəs sevməyə bilər, yaxud əksi, biz hər kəsi sevə bilmərik. Həyat məqsədlərimizə doğru yönəlməli, gələcəyimizi düşünməli, özümüzü daha da inkşaf etdirməyə köklənməliyik, özümüzü yaxşı hiss etdirəcək işləri görməliyik, düşünməliyik ki, bizi sevməyən insanlara görə niyə vaxt itirib özümüzü üzməliyik və gələcəyimizə, öz inkişafımıza yönəlməliyik".

Nuriyyə Musayeva

Избранный
4
bakivaxti.az

1Источники