"Üzrlü sayın, həyəcanlıyam. İlk dəfədir "Qarabağ" forması ilə qarşınıza çıxıram".
Teleqraf.com-un məlumatına görə, bunu "Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyev Bakıda Rumıniyanın FCSB komandasına qarşı keçirəcəkləri UEFA Avropa Liqasının VII tur matçından əvvəl mətbuat konfransında deyib.
25 yaşlı müdafiəçi sabahkı oyuna qələbə üçün çıxacaqlarını bildirib: "Oyuna gəldikdə, hazırlaşmışıq, rəqibin hər bir oyunçusunu tanıyırıq. Məşqçilərimizdən müəyyən təlimatlar almışıq. Azakeşlərimiz önündə, öz stadionumuzda oynayırıq. İstəyirik ki, azarkeşlərimizi sevindirək. Sabahkı oyuna qələbə üçün çıxacağıq".
Cəfərquliyev müntəzəm cəzalandırılması ilə bağlı fikirlərini də bölüşüb: “Mənim qırmızı vərəqə almağım daha istəkli və buna görə daha aqressiv olmağımdan irəli gəlir. Baş məşqçim də bu haqda məsləhətlər verir. Hazırlığımız çox yaxşı keçib. Özümü fiziki və psixoloji baxımdan tam hazır hiss edirəm. Ümidvaram ki, yaxşı çıxış edəcəyəm və komandamın uğuru naminə əlimdən gələni edəcəyəm. Çalışacağam ki, aqressivliyi kənara qoyum”.
Qeyd edək ki, yanvarın 23-də Respublika stadionunda keçiriləcək görüş saat 21:45-də başlanacaq.