Crescent Mall-da yerləşən "Karaca Azərbaycan" mağazasında satıcı və müştəri Ofelya Hümbətzadə arasında qalmaqal baş verib. Alıcı iki saata yaxın mağazada girov saxlanıldığını iddia edir.
O, bu barədə sosial şəbəkədə paylaşım edib.
O.Hümbətzadə bildirir ki, mağazadə olarkən, vitrinə düzgün yerləşdirilməyən tava yerə düşüb, mağaza meneceri isə ona qarşı kobud rəftar edərək, ödəniş tələb edib.Daha sonra onu və rəfiqəsini mağazada 1,5 saat girov saxlayaraq azadlıqlarını məhdudlaşdırıb:
“Yanvarın 20-də alış-veriş etmək üçün rəfiqəmlə Crescent Mall-da yerləşən "Karaca Azərbaycan" mağazasına daxil olmuşdum. Aşağıdakı məhsula baxdığım zaman, səhv yerləşdirilmə ucbatından yuxarıdakı tava yerə düşdü. Mağaza meneceri Mahirə xanım yaxınlaşaraq, kobud şəkildə "Məhsula ziyan vurduz, dərhal onu ödəməlisiz. Kassaya gəlin" dedi. İstehlakçı olaraq xanıma məhsulda öncədən hər hansı bir əzik olmadığını sübut edəcəyi halda ödəyəcəyimi bildirdim. Lakin xanım imtina etdi. Ona şöbədəki bir neçə məhsulda eyni əziklərin olduğunu göstərsəm də, xeyri olmadı. Əvəzində məni və yanımdakı şəxsi 1,5 saat mağazada girov saxlayaraq azadlığımızı pozdu".
Şikayətçi bildirib ki, yalnız Crescent Mall-ın meneceri Samirə xanım müdaxilə etdikdən sonra mağazanı tərk edə bilib. O, mağaza menecerindən şikayətçi olduğunu və məsələ ilə bağlı aidiyyəti orqanlara rəsmi şikayət məktubu ünvanladığını bildirib:
Məsələ ilə bağlı "Karaca Azərbaycan" araşdırma aparılacağını bildirib.
"Cebheinfo.az"