Prezident İlham Əliyev ardıcıl iştirak etdiyi Davos İqtisadi Forumunda qlobal gündəliyin formalaşmasında mühüm rol oynayır
Dövlət başçısı İlham Əliyev Dünya İqtisadi Forumunda iştirak etmək üçün yanvarın 20-də İsveçrə Konfederasiyasına səfər etdi. Yanvarın 20-dən 24-dək davam edəcək sayca 55-ci olan Forum bu dəfə « Ağıllı əsr üçün əməkdaşlıq» devizi altında toplaşır. Nəzərə alsaq ki, 2024-cü il Azərbaycanın, ümumilikdə dünyanın həyatında COP29 iqlim konfransının keçirilməsi və mühüm nəticələrin əldə olunması ilə yadda qaldı, bu halda Forum çərçivəsində «COP30-a gedən yol» mövzusunda panel müzakirələrin aparılacağı qaçılmazdır. İqlim diplomatiyasında dönüş nöqtəsi kimi dəyərləndirilən Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşdü. Cənab İlham Əliyevin çıxşılarında, həmçinin Bakı nailiyyəti ilə bağlı paylaşımında da qeyd edildiyi kimi, 80 dövlət və hökumət başçısının, qeydiyyatdan keçmiş 76 mindən çox iştirakçının qatıldığı COP29-un çox yaxşı təşkil olunması ilə bağlı bütün qonaqlardan yüksək qiymət almaqdan qürur duyduq. Genişmiqyaslı və planlaşdırılmış böhtan və qarayaxma kampaniyasına baxmayaraq, Azərbaycan iqlim danışıqlarında tarixi nəticələr əldə etməyə müvəffəq oldu. Dövlət başçısı İlham Əliyevin ənənəvi keçirilən Davos İqtisadi Forumunun iclaslarında iştirakı, eyni zamanda, çıxışı, verdiyi müsahibələr, qarşı tərəflərin müraciətləri əsasında keçirdiyi görüşlər Azərbaycan həqiqətlərinin, qlobal məsələlərin həllində tutduğumuz mövqeyin təbliğində əhəmiyyətli rol oynayır. Budəfəki Forumda 350 hökumət nümayəndəsi, 60 dövlət və hökumət başçısı daxil olmaqla 130-dan çox ölkədən 3000-ə yaxın liderin bir araya gəlməsi də özündə mühüm məqamları ehtiva edir. Tədbirdə yeni texnologiyaların tətbiqi, geosiyasi gərginliklər və iqlim dəyişikliyinin sürətləndirilməsi fonunda sosial və iqtisadi dayanıqlığın gücləndirilməsi kimi məsələlər əsas müzakirə mövzusu olacaq. Reallıq budur ki, Azərbaycanın yerləşdiyi coğrafi məkan, malik olduğu iqtisadi resurslardan səmərəli istifadəni təmin etmək məqsədilə yeni layihələrin təşəbbüsçüsü kimi çıxış etməsi, çoxşaxəli xarici siyasəti siyasi mövqeyinin möhkəmlənməsində əhəmiyyətli rol oynayır. İqtisadi müstəqillik siyasi müstəqillik üçün əsasdır. Regional inkişafın aparıcı qüvvəsinə, dünyanın enerji təhlükəsizliyinin təminatçısına çevrilən Azərbaycanın enerji sektorunda qazandığı uğurlar biri-birini əvəzləməkdədir. Keçirilən beynəlxalq əhəmiyyətli tədbirlər iştirakçı ölkələrin, o cümlədən Azərbaycanın malik olduğu imkanların, iqtisadi uğurlarının təqdimatında əhəmiyyətli rol oynayır. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin ölkə iqtisadiyyatının inkişafında neft amilinə xüsusi önəm veməsi bugünümüzə hesablanmış mühüm addım kimi qeyd edilir. Azərbaycan təşəbbüsləri reallığa çevirməklə həm layihələrdə iştirakını, həm də dünya dövlətlərinin dayanıqlı inkişafını təmin edir. Cənab İlham Əliyev daim bu çağırışı edir ki, əlbəttə, biz gələcəyə baxmalıyıq. Ənənəvi əməkdaşlıq sahələri, gələcək planlar mütəmadi müzakirə edilir, ortaq mövqe ortaya qoyulur. Prezident İlham Əliyev Forum çərçivəsində qarşı tərəflərin müraciətləri əsasında bir sıra görüşlər keçirib və bunlar davam edir. Belə ki, cənab İlham Əliyev Davosda “OliverWyman Group” şirkətinin Baş icraçı direktoru Nik Studer, Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçs, “The Goldman Sachs Group İnc.” şirkətinin qlobal məsələlər üzrə prezidenti Cared Kohen, İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid, “DP World” şirkətlər qrupunun sədri və icraçı direktoru Sultan Əhməd bin Sulaim, İraq Kürdüstan regionunun Baş naziri Məsrur Bərzani ilə görüşlər keçirdi. Nik Studer “OliverWyman Group” şirkətinin beynəlxalq strateji idarəedici şirkət olaraq ölkəmizdə müxtəlif qurumlarla mümkün əməkdaşlıq istiqamətlərinə toxundu, Azərbaycanın iqtisadi transformasiya prosesinin, sığorta, maliyyə bazarının müxtəlif istiqamətlərinin inkişafı, enerji sektorunda, o cümlədən ənənəvi və yaşıl enerji sahələrində həyata keçirilən layihələrə, kənd təsərrüfatı məhsullarının ixracına, bölgədə yeni ticarət imkanlarını əhatə etməklə dəyər zəncirinin lokallaşdırılmasına maraq göstərdiklərini qeyd etdi. O, Azərbaycanın əldə etdiyi uğurları yüksək qiymətləndirdi. Latviya Prezidenti Edqars Rinkeviçs görüşün ikitərəfli əlaqələrin müzakirəsi üçün yaxşı imkan yaratdığını vurğladı. İraq Prezidenti COP29-da Azərbaycana səfərini məmnunluqla xatırlayaraq bu mühüm tədbirin uğurla keçirilməsi münasibətilə dövlətimizin başçısı İlham Əliyevə təbriklərini çatdırdı. “DP World” şirkətlər qrupunun sədri və icraçı direktoru Sultan Əhməd bin Sulaim ilə görüşdə sözügedən şirkətlər qrupunun ölkəmizdəki fəaliyyətinin perspektivləri, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin yaratdığı imkanlar barədə müzakirələr aparıldı. Azərbaycanın regional nəqliyyat qovşağı kimi rolu xüsusi vurğulandı, mümkün əməkdaşlıq istiqamətləri müzakirə olundu. İraq Kürdüstan regionunun Baş naziri Məsrur Bərzani ilə görüşdə Azərbaycan ilə İraq Kürdüstan Regionu arasında iqtisadi, ticari, mədəni, humanitar əlaqələrin inkişaf etdirilməsi barədə fikir mübadiləsi aparıldı. Biznes dairələrinin qarşılıqlı səfərlərinin təşkilinin, onların arasında birbaşa təmasların yaradılmasının və biznes-forumların keçirilməsinin vacibliyi qeyd olundu. Cənab İlham Əliyev yanvarın 20-də Davosda CGTN (China Global Television Network) telekanalına müsahibə verdi. İstər görüşlər, istərsə də müsahibə Azərbaycanın nüfuzunun, Prezident İlham Əliyevə yüksək etimadın göstəricisidir. Ölkəmizin hər bir məsələdə mövqeyinə verilən önəm diqqətdən kənarda qalmır. Təbii ki, bu, Azərbaycanın daim ədalətin və beynəlxalq hüququn yanında olmasından, inkişaf modelinin nümunəviliyindən, münasibətlərdə qarşılıqlı etimad mühitinin qorunmasına göstərdiyi diqqətdən irəli gəlir. Cənab İlham Əliyev yeni dövrün hədəflərini açıqlayarkən xarici siyasətimizlə bağlı bu çağırışı etmişdir ki, tarixi Zəfərimizdən sonra xarici siyasətimizdə daha sərbəstik. Müstəqil, prinsipial xarici siyasət bizim əsas istiqamətimizdir. Dostlarımızın bütün qitələrdə sayı artır. Vaxtilə mövcud olmadığımız bölgələrlə indi çox ciddi təmaslar qurulur, həm sərmayə qoyuluşu layihələri nəzərdən keçirilir, eyni zamanda, müxtəlif sahələrdə əməkdaşlıq üçün yeni imkanlar yaranır. Təbii olaraq, ənənəvi tərəfdaşlarımızla, dostlarımızla münasibətlərimiz yerindədir, daha da inkişaf edir və edəcək.
Bayram Xudayarov Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı, “Heydər Əliyev məktəbinin davamçıları” Feysbuk qrupunun təsisçisi və rəhbəri, YAP-ın fəal üzvü