Rusiya və Ukrayna prezidentləri Vladimir Putinlə Volodimir Zelenski müharibə ilə bağlı amerikalı həmkarları Donald Trampa təsir göstərməyə çalışır.
Teleqraf.com xəbər verir ki, bu barədə “Bloomberg” yazır.
Tramp müharibəni ən qısa müddətdə bitirmək vədini yerinə yetirməyə çalışır. Zelenski artıq Kiyevin ondan əsas gözləntilərini açıqlayıb. Ukrayna lideri ABŞ liderinin sülhə nail olmaq üçün Putinə təsir etmək imkanlarını yüksək qiymətləndirib. Həmçinin o, Vaşinqtonu Ukraynanın arxasınca sövdələşmələrdən çəkinməyə çağırıb.
Tramp da Putinə müraciət edərək, sülh sazişin bağlanması və ya yeni sanksiyalarla bağlı xəbərdarlıq edib. Kreml ultimatumu rədd edib. “Bloomberg”ə görə, Trampın açıqlaması Moskvanı təəccübləndirib.
Trampın inauqurasiyası ərəfəsində Putin danışıqlara hazır olduğunu bəyan edərək, Amerika liderini müharibəni müzakirə etmək üçün perspektivli tərəfdaş adlandırıb. Nəşrin fikrincə, uzun müddətdir ciddi beynəlxalq sanksiyalar altında olan Rusiya çətin ki, yeni məhdudiyyətlərin təzyiqi altında asanlıqla təslim olsun. Bununla belə, iqtisadi problemlər kəskinləşdikcə, Vaşinqton öz təsirini artıra bilər, məsələn, Rusiyanın enerji ixracını məhdudlaşdırmaqla.
Hər iki lider – həm Putin, həm də Zelenski Trampın münaqişənin həlli yollarına dair fikirlərinə təsir etməyə çalışır. Zelenski Amerikanın dəstəyi və hərbi mövcudluğuna ehtiyaclarının olduğunu vurğulayır, Putin isə Ukraynaya hər hansı xarici hərbi müdaxilədən qaçmaq istəyir.
“Hər bir lider müharibənin necə həll edilməli olduğuna dair Trampın baxışını formalaşdırmağa çalışır. Bu rəqabət Trampın ambisiyalarına cavab verən və uzunmüddətli perspektivdə sabit qalacaq razılaşma əldə etmək üçün lazım olan imkanları təmin edə bilər”, - məqalədə qeyd olunur.