Martın 16-da ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinə uyğun sınaq imtahanı keçiriləcək.
Bəs görəsən, bu sınaq imtahanının abituriyentlərə nə kimi faydaları var? Özlərini yoxlamağa dəyərmi?
Təhsil eksperti Elçin Əfəndi (Əfəndiyev) AzEdu.az-a açıqlamasında bildirib ki, sınaq imtahanlarında iştirak edən abituriyentlər digərlərinə nəzərən daha üstün bacarıqlara sahib olurlar:
“Ali təhsil müəssisələrinə hazırlaşan abituriyentlər hazırlıqlara başladıqları dövrdən imtahana qədər müxtəlif sınaq imtahanlarında iştirak edirlər. Bu həm özəl təhsil müəssisələrinin, həm də Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlardır. Onlar buraxılış və blok imtahanı formatında sınaq imtahanlarında iştirak etməklə bu prosesə adaptasiya olur, vaxtlarının düzgün bölünməsini təmin edir və imtahan sualı modelləri ilə tanış olurlar. Bu cür sınaqlar abituriyentlərə ümumi bilikləri verdiyi üçün onlar istər buraxılış, istər blok imtahanlarına daha arxayın şəkildə daxil olurlar.
Sınaq imtahanlarında iştirak edən abituriyentlər digərlərinə nəzərən daha üstün bacarıqlara sahib olurlar. Əlbəttə, bu da imtahanlarda özünü göstərir.
Mart ayının 16-da keçiriləcək blok imtahanı üzrə sınaq imtahanında iştirak edəcək abituriyentlər müəyyən faydalar görəcəklər. Biləcəklər ki, blok imtahanında təxmini hansı mövzulara toxunulur və suallar hansı formatda olacaq. Eyni zamanda imtahanda iştirak etməklə hansı mövzular üzrə zəif olduqlarını öyrənib, imtahana qədər o sahədə boşluqlarını doldura bilərlər”.
Müsahibimiz bildirib ki, indi abituriyentlər martın 2-si və 9-da XI siniflər üçün keçiriləcək buraxılış imtahanına daha çox fokuslanıblar:
“Buraxılış imtahanları fənlərinə daha çox diqqət ayırırlar. Onlara tövsiyəm odur ki, blok imtahanı fənlərinə də diqqət etsinlər. İmtahanına 1 həftə qalmışa qədər müxtəlif təşkilatlar tərəfindən keçirilən imtahanlarda iştirak edib, özlərini daha da inkişaf etdirsinlər və vaxtın düzgün bölünməsinə diqqət ayırsınlar. İmtahanda əsas məqamlardan biri vaxtdır. Hansı fənnə nə qədər zaman ayırmaq, cavab kartını neçə dəqiqəyə kodlaşdırmaq imtahan gedişatı üçün vacib olan elementlərdən biridir”.