1961-ci ildə ABŞ HHQ-ə məxsus “B-52G” bombardmançı təyyarə Şimali Karolina ştatı üzərində qəzaya uğrayır. Onun göyərtəsində iki nüvə bombası vardı. Amerika nüvə fəlakətinin bir addımlığında idi.
Hadisə yanvar 24-də baş verib. Səkkiz nəfər ekipaj heyəti olan təyyarə “Coverall” əməliyyatı çərçivəsində ABŞ-ın Atlantik okeanı sahilləri boyu patrul uçuşu həyata keçirirmiş. Yanvarın 23-də Seymur Conson aviabazasından havaya qalxan təyyarə uçuşdan sonra oraya qayıtmalı idi.
“B-52” gecəyarı hava tankeri ilə görüşüb yanacaq doldurmalı idi. İki təyyarə yaxınlaşarkən tankerin operatoru “B-52”nin sağ qanadından yanacaq axdığını görür və pilotu xəbərdar edir. Pilot da dispetçerlə əlaqə saxlayır. Dispetçer gözləmə zonasında bir qədər uçaraq yanacağı sərf etməyi və yüngülləşmiş çənlərlə eniş etməyi tapşırır.
Amma gözləmə zonasında aydın olur ki, çəndəki dəlik getdikcə böyüyür və yanacaq sürətlə azalır. Pilota dərhal bazaya qayıtmaq əmr olunur. Təyyarə aşağı enməyə başlayır.
3000 metr hündürlükdə pilotlar idarəetməni itirirlər. Ehtimal olunur ki, sağ qanad tamamilə dağılıb. Kapitan ekipaja təyyarəni tərk etməyi əmr edir. Beş nəfər katapulta edir, onlardan dördü sağ salamat enir, biri isə həlak olur. Üçüncü pilotun katapult kreslosu olmur. O, yuxarı lyukdan çıxaraq tullanır və sağ qalır. Digər iki nəfər isə təyyarəni tərk edə bilmədiyindən həlak olurlar.
Kapitan dağılan təyyarədən nüvə bombalarını ayıra bilir. Onlardan birinin paraşütü açılır və ağaca ilişib asılı qalır, digəri isə sərbəst sürətlə bataqlığa düşdü. İkincinin bəzi detalları tapılsa da, özünü bataqlıqdan çıxarmaq mümkün olmur.
Birinci bombanı nəzərdən keçirəndə isə məlum olur ki, dörd qoruyucudan üçü sıradan çıxıbmış və yalnız dördüncüsü – aşağı volt relesi bombanın partlamasına imkan verməyib. Həmin bombanın gücü Xirosimaya atılan bombanın gücündən 250 dəfə çox idi. Partlayacağı təqdirdə paytaxt Vaşinqton da daxil olmaqla yaxınlıqdakı bir sıra şəhərlər və xeyli yaşayış məntəqələri fəlakət yaşayacaqdılar.