Ermənistanın işğalından azad olunmuş ərazilərimizdə quruculuq-bərpa işləri davam etməkdədir. Artıq bir sıra şəhər və rayonların sakinləri öz doğma dədə-baba yurdlarına qayıdıblar. Görülən işlərin miqyası göstərir ki, "Böyük Qayıdış" Proqramı uğurla həyata keçirilir. Təkcə cari ilin ilk ayında öz yurdlarına köçürülən sakinlərin sayı deməyə əsas verir ki, sözügedən proqramın icrası nəzərdə tutulduğundan daha tez başa çatdırılacaq. Məlumat üçün qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Cəbrayıl şəhərinə 39 ailə - 165 nəfər köçürülüb. Cəmi bir necə gün sonra Cəbrayıl şəhərinə 32 ailə - 153 nəfər köçürülüb. Həmçinin, respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Ağdamdan Şuşa və Xocalı şəhərlərinə, Xocalı rayonunun Ballıca kəndinə yola salınıb. Bu mərhələdə Şuşa və Xocalı şəhərlərinə, Xocalı rayonunun Ballıca kəndinə ümumilikdə 28 ailə - 135 nəfər köçürülüb. Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 30 mindən çox insan yaşayır. Təkcə bu faktın özü "Böyük Qayıdış" proqramının necə sürətlə həyata keçirildiyini deməyə əsas verir. Məlum məsələdir ki, erməni işğalı nəticəsidə didərgin düşmüş məcburi köçkünlərin mərhələli şəkildə öz yurdlarına qayıdışı təmin ediləcək. Elə Prezident İlham Əliyev də yerli telekanallara müsahibəsində qeyd edib ki, Qarabağın və Şərqi Zəngəzurun bərpası bizim üçün hərbi məsələlərlə bərabər ən vacib prioritetlərdən biridir: "Biz üç il ərzində 10 yaşayış məntəqəsinə keçmiş köçkünləri qaytara bilmişik və artıq mətbuatda da bu gedib. On mindən çox köçkün artıq evlərlə təmin edilib və orada yaşayır. Bütövlükdə 30 minə yaxın insan orada yaşayır, müxtəlif vəzifələrdə çalışırlar, inşaatda, dövlət işlərində və digər sahələrdə. Bu il üçün bizim planlarımızda daha 20-yə yaxın yaşayış məntəqəsinə keçmiş köçkünləri qaytarmaqdır. O şəhər və kəndlərin adları artıq seçilib, layihələr icra edilir. Bir çox kəndlərdə, şəhərlərdə indi inşaat işləri gedir və bu ilin sonuna qədər 30-a yaxın yaşayış məntəqəsində keçmiş köçkünlər məskunlaşacaqlar. Biz əsas infrastruktur layihələrini yəqin ki, bir-iki ilə başa çatdıracağıq. Ən çox vəsait bu layihələrə gedir. Çünki 60 kilometrdən çox tunellər, körpülər, elektrik stansiyaları, su anbarları inşa edilir. Biz artıq orada 30-dan çox su elektrik stansiyasını işə salmışıq, dəmir yolları çəkmişik. Yəni, bütün bunlar əsas maliyyə yükü götürür. Təqribən 2-3 ildən sonra əsas infrastruktur layihələri başa çatacaq və ondan sonra yaşayış fondunun yaranmasına istiqamətləndiriləcək məbləğ daha böyük olacaq. Amma yenə də əgər biz dünya tarixinə nəzər salsaq görərik ki, işğaldan və dağıntıdan əziyyət çəkmiş heç bir ölkə öz ərazilərini bu templə və bu keyfiyyətlə bərpa etməyib".
Etiraf edilməlidir ki, Azərbaycan işğaldan azad olunmuş ərazilərdə quruculuq və bərpa işlərini öz daxili vəsaiti hesabına həyata keçirir. Başqa sözlə, dost, qardaş ölkələrdən başqa nə iqtisadi baxımdan inkişaf etmiş ölkələr, nə də beynəlxalq maliyyə donorları işğaldan azad olunmuş ərazilərə investisiya yatırmaqda maraqlı görünmürlər. Əksinə, işğalçı Ermənistanı silahlandırmaqla Qarabağda tikinti işlərini ləngidirlər. Təsadüfi deyil ki, dövlət başçısı qeyd edib ki, xarici ölkələr tərəfindən Ermənistanın silahlandırılması quruculuq və bərpa işlərinə müəyyən dərəcədə mane olur. Çünki böyük vəsait hərbi və təhlükəsizlik məsələlərinə ayrılır: "Əgər Ermənistanın silahlanma siyasəti olmasaydı, mən deyə bilərəm ki, 8,4 yox, bəlkə də hərbi və təhlükəsizlik məsələləri üçün 4 milyard manat kifayət edərdi, əgər biz yenə də potensial təhlükə ilə üz-üzə qalmasaydıq. Ona görə əlbəttə ki, bu vəsaitin bir hissəsi gedəcəkdi Qarabağın bərpasına, bir hissəsi gedəcəkdi digər bölgələrin inkişafına, bir hissəsi gedəcəkdi sosial proqramlara. Amma buna baxmayaraq, Qarabağın və Şərqi Zəngəzurun bərpası bizim üçün hərbi məsələlərlə bərabər ən vacib prioritetlərdən biridir. Bu il ən azı 4 milyard manat ayrılacaq. Amma mən hesab edirəm ki, biz daha çox vəsaiti səfərbər edə bilərik".
O da qeyd edilməlidir ki, doğma yurdlarına qayıdan məcburi kökünlərin normal yaşamaları üçün hər cür şərait yaradılıb. Birmənalı şəkidə qeyd edilməlidir ki, Qarabağda salınan bütün yaşayış məntəqələrinin layihələndirilməsi və ərsəyə gəlməsi ən yüksək standartlara cavab verir. Yaradılan infrastruktur, istifadəyə verilən iaşə və xidmət obyektləri, məşğulluq probleminin həlli kimi məsələlər "Qayıdış Proqramı" çərçivəsində yüksək səviyyədə təmin edilir. Artıq Qarabağ və Şərqi Zəngəzurda istehsal edilən yerli məhsullar milli brend adı ilə xarici ölkələrə ixrac edilir. Konkret olaraq Ağdam şəhərində yaradılmış sənaye parkının məhsulları artıq xarici ölkələrə ixrac edilir. Yeri gəlmişkən qeyd edək ki, hazırda bu ərazilərdə iki sənaye parkı fəaliyyət göstərir. "Böyük Qayıdış" dövlət proqramı çərçivəsində görülən işlərin miqyası deməyə əsas verir ki, çox yaxın gələcəkdə işğaldan azad edilmiş ərazilərimizdə ən müasir şəhərlər salınacaq. Dövlət başçısının təbiri ilə desək cənnətə çevriləcək: "Mən müharibə başa çatandan dərhal sonra demişəm ki, biz Qarabağı cənnətə çevirəcəyik. Əslində, onsuz da bura öz təbii quruluşuna, gözəlliyinə görə cənnətdir. Amma müasir infrastruktur, yaşayış yerləri, iş yerləri, rahatlıq - bura doğrudan da dünyanın ən gözəl yerlərindən birinə çevriləcək".
Alim Hüseynli
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31