RU

“Blogger”lərin həbsi: TikTok-da cəmiyyətin düşüncəsinə, mental kodeksinə qarşı basqı düzənlənib

Sosial şəbəkələr istifadəçilər üçün böyük auditoriyaya çatmaq imkanı yaradır.

Bu, müəyyən lazımlı məlumatların, maarifləndirmə tədbirlərinin, inkişaf proqramlarının auditoriyaya çatdırılması baxımından çox müsbətdir. Lakin təəssüf ki, bu gün sosial platformalarda özünü “blogger” , “tiktoker” adlandıran, cəmiyyətə heç bir fayda verməyən şəxslər də var. Hansı ki, bu “blogger” və “tiktoker” lər qeyri-etik hərəkətləri, milli mənəviyyata və mentalitetə ziyan vuran mənasız videoları ilə cəmiyyətə pis örnək olurlar. 

Bu şəxslər polis bölmələrinə çağırılaraq xəbərdarlıq edildi. Lakin bu xəbərdarlıq heç bir nəticə vermədi. DİN bu “blogger” və “tiktoker” lərə 4 aylıq həbs cəzası verdi. Həbs edilən şəxslərin sosial mediada olan izləyiciləri, müxtəlif platformalarda bu cəzanın ağır olduğunu bildirirlər.

Həqiqətənmi 4 aylıq həbs cəzası bu şəxslər üçün ağır cəzadır? Daha yüngül cəza tədbiri keçirilə bilərdimi?

DİN-in İctimai Şurasının üzvü, “Cümhuriyyət” qəzeti və “Cebhe.info” xəbər portalının rəhbəri Rafael Becanov mövzu ilə bağlı Crossmedia.az saytına açıqlama verib:

“Tiktoker”lərin həbsi və ya onların nə müddətə həbs olunması, əslində, günümüzün mövzusu olmamalıdır. Onların izləyicisi olan sosial şəbəkə istifadəçiləri də cəmiyyətin nümayəndələridir və onlar da qəbul etməlidir ki, bu həbslər xüsusi məqsədli, yaxud kimlərisə hədəfə almaqla bağlı deyil.

Sadəcə, onların izləyicisi olduğu şəxslərin cəmiyyətin ümumi maraqlarına zidd hərəkətlərinə qarşı tətbiq olunan addımlardır. Bəzən kütlə emosional olur və onun fikirləri, hərəkətləri kortəbii xarakter daşıyır. Hesab edirəm ki, onların izləyicilərinin də müdafiəsi həmin kortəbiilikdən irəli gəlir. Daha dərindən düşünsələr hansı zərərlərin olduğunu qəbul edərlər”.

Rafael Becanov atılan addımların adekvat olduğunu bildirib:

“Cəmiyyətin özünəməxsus qanunları, xalqın mentaliteti, milli dəyərləri var. Bunları qorumaq lazımdır. Əgər ayrı-ayrı fərdlər özləri buna əməl etmirsə, əksinə, sosial şəbəkələrin imkanlarından istifadə edib bu qaydaları pozurlarsa cəzadan başqa çıxış yolu saxlamırlar. Baş verənlərə seyrçi qalmaq cəmiyyəti uçuruma sürükləyər. Ona görə də hüquq-mühafizə orqanlarının tədbirləri başadüşüləndir.

TikTok sosial platformasında cəmiyyətin düşüncəsinə, illərlə formalaşmış mentalitet kodeksinə qarşı sanki bir basqı düzənlənib. Sosial şəbəkə özü də ictimai məkandır. İctimai məkanda söyüş söyməyin, əxlaqsızlığı təbliğ etməyin, şit-şit oyunların, təhqirin cəzası yoxdurmu? Lakin bunu müəyyən qədər yüngülləşdirmək, islah işlərinə cəlbetmə, böyük məbləğli cəzalar da verilə bilər”. 

Ekspert sosial platformaların daha yaxşı məqsədlər üçün istifadə edilə biləcəyini deyib:

“Ümumiyyətlə, sosial platformalardan daha yaxşı məqsədlər üçün istifadə etmək mümkündür. Maariflənmə, tarixi məlumatları paylaşmaq, fikirləri, düşüncələri, hətta zövqləri belə bölüşmək, viktorinalar təşkil etmək üçün sosial platformalar yaxşı imkandır. Lakin bundan sui-istifadə edib, dəyərlərimizə zidd hərəkətlər etmək yolverilməzdir”.

"Cebheinfo.az"

Избранный
28
50
cebheinfo.az

10Источники