RU

"Trampın təzyiqi altında iki NATO ölkəsi müdafiəyə ÜDM-in 5 faizini xərcləməyi qəbul edib" - "Financial Times"

 
"Bizim üçün döyüş qabiliyyətinə malik olmaq həyati əhəmiyyət kəsb edir..."
 
Litva və Estoniya ABŞ prezidenti Donald Trampın tələbini qəbul edərək, müdafiə üçün öz ÜDM-lərinin 5 faizdən çoxunu ayırmağa söz verən ilk NATO ölkələri olub.
 
Moderator.az xəbər verir ki, bu barədə "Financial Times" nəşri yazıb.
 
Nəşr qeyd edir ki, Litva xarici işlər naziri Kyastutis Budris ölkəsinin gələn ildən etibarən və ən azı 2030-cu ilə qədər müdafiəyə ÜDM-in 5-6 faizini ayıracağını bildirib. Bu, hazırkı səviyyədən təxminən iki dəfə çoxdur.
 
"Əlbəttə ki, təzyiq var və bu, NATO-dakı ən böyük strateji müttəfiqimizin yaxşı və konstruktiv təzyiqidir", - Budris qeyd edib. "Biz bu siqnalları görməzdən gələ bilmərik. Lakin bu, tək səbəb deyil. Bizim üçün döyüş qabiliyyətinə malik olmaq həyati əhəmiyyət kəsb edir".
 
Estoniya baş naziri Kristen Mixal isə ölkəsinin müdafiə xərclərini hazırkı 3,7 faizdən 5 faizə qaldırmaq niyyətində olduğunu bəyan edib.
 
"Bizim əsas təhlükəsizlik tərəfdaşımız olan ABŞ-ın yeni prezidenti müdafiə xərclərinin artırılması ilə bağlı aydın siqnal verib. Biz düşmənimizi tanıyırıq və tamamilə razıyam ki, bizim məqsədimiz 5 faiz olmalıdır", - Mixal bildirib.
 
Avropanın narahatlığı
 
Avropada artan müdafiə xərclərinin necə maliyyələşdiriləcəyi və bunun dövlətin digər xidmətləri hesabına baş verəcəyini nəzərə alaraq vətəndaşların buna razı olub-olmayacağı ilə bağlı narahatlıq var.
 
Budris qeyd edib ki, Litva müdafiə xərclərini hazırkı 2,9 faizdən artırmaq üçün dövlət borclarından və, ümid edir ki, ümumi Avropa müdafiə maliyyə alətlərindən istifadə edəcək. Lakin yerli siyasətçilər bu planın nə qədər real olduğuna skeptik yanaşır.
 
Nəşr xatırladır ki, ötən il NATO-nun 32 üzv ölkəsindən 23-ü müdafiə üçün ÜDM-in 2 faizini ayırmaq hədəfinə çatıb. Bununla belə, İspaniya, İtaliya və Belçika kimi ölkələr hələ də bu göstəricinin 1,5 faizdən aşağı səviyyədə qalır. Avropa rəsmilərinin sözlərinə görə, NATO iyun ayında keçiriləcək sammitdə hazırkı 2 faizlik qeyri-rəsmi müdafiə xərcləri hədəfini 3-3,5 faizə qaldırmağı planlaşdırır.
 
NATO-nun müdafiə xərclərinin artırılması
 
Bundan öncə ABŞ prezidenti Donald Tramp NATO-nun Avropa müttəfiqlərini ÜDM-in 5 faizini müdafiəyə ayırmağa çağırıb. Bu tələb Avropada qarışıq reaksiya ilə qarşılanıb.
 
Almaniya, Fransa, Böyük Britaniya, İtaliya və Polşanın müdafiə nazirləri müdafiəyə sərmayələri artırmaq istəyini ifadə etsələr də, Trampın 5 faizlik göstəricinə çatmaq tələbini yerinə yetirməyin çətin olduğunu bildirib.
Избранный
31
50
moderator.az

10Источники