Bəziləri soyuğun dəriyə xeyri olduğunu, cavan saxladığını düşünürlər. Ancaq qışda üz dərisi şaxta, soyuq, küləyə məruz qaldığından problemlər yaranır. İnsanların şikayət etdiyi belə problemlərdən biri də üz dərisinin quruması və qabıqlanmasıdır.
Bəs problemi azaltmaq və dərini qorumaq üçün nə etmək lazımdır?
Mövzu ilə bağlı Redaktor.az-a danışan həkim-kosmetoloq Gülər İbrahimova bildirdi ki, qışda havaların soyuması ilə bədənin vitamin balansı pozulur və bu da dərinin qurumasına səbəb olur:
"Vitamin azaldığı üçün dərimiz qurumağa başlayır və soyuq hava ilə təmas etdikdə qabıqlanma başlayır. Nəticədə cansızlaşma, solğun görünmə halları baş verir. Bunlardan qorunmaq üçün müalicə protokolunu düzgün təyin etmək lazımdır. Bura yerli səthi və daxili müalicə üsulu daxildir. Ümumiyyətlə qış aylarında analiz vermək lazımdır. Daxili odur ki, orqanizmimizdə hansı vitaminimiz çatmırsa, bunu mütləq şəkildə qəbul etməliyik. Bura D vitamini, dəmir, sink, B12 və digərləri daxildir. Çünki vitamin çatışmazlığı olanda dərimiz solur, quruyur, cansızlaşır və qabıqlanmağa başlayır".
Kosmetoloqun sözlərinə görə, çölə çıxmazdan əvvəl nəmləndiricidən istifadə etmək şərtdir.
"Yerli səthi qulluq zamanı dərinin balansını qorumaq üçün müəyyən maska və kremlərdən istifadə olunur. Buna tərkibi zeytun yağlı, bal, kakos kimi digər üzü qurutmayan nəm saxlayan maskalar əlavə edə bilərəm. Bunlar səthi üzə qulluq zamanı mütləqdir. Evdən çıxanda hər gün nəmləndirici çəkmək mütləqdir. Nəmləndirici çəkmədikdə üz quruyur, soyuq hava ilə təmasda olur və qabıqlanır. Onu da qeyd edim ki, havalar soyuyanda çox insanlar maye qəbulunu azaldırlar. Əksinə, havalar soyuduqca maye qəbulunu çoxaltmalıyıq. Çünki bədənimizdə su balansımız azaldığı üçün də dərimiz quruyur", - deyə Gülər İbrahimova bildirdi.
Türkan İSGƏNDƏRLİ