RU

İsveçə 50 il qabaq Şimali Amerikadan gətirilən şam ağacı növü ekosistemə mənfi təsir göstərir

Stokholm, 28 yanvar, Nərgiz Cəfərli, AZƏRTAC

“Pinus contorta” bükülmüş formada olan şam ağacı növü İsveçə 50 il qabaq Şimali Amerikadan odun çatışmazlığı problemini aradan qaldırmaq üçün gətirilib. Yerli şam ağaclarından fərqli olaraq 30-40 faiz daha tez böyümə imkanlarına görə bu ağac meşə tədarükü şirkətləri arasında tez bir zamanda məşhurlaşmağa başlayıb.

AZƏRTAC xəbər verir ki, zamanla bu ağacın İsveçin biomüxtəlifliyinə və ekosisteminə mənfi təsir göstərdiyi müəyyən olunub.

Bükülmüş formada olan şam ağaclarının sıx əkilməsi qaranlıq meşələr yaradır ki, bu da qaragilə və mamırları yox edir, onların yerini isə “likenlər” tutur. “Ekosistemin mühəndisləri” adlandırılan qarışqalar bu cür meşələr səbəbindən demək olar yox olur. Çünki onlar yerli şamlar üçün xarakterik olan işıqlı şəraiti xoşlayırlar. Bu, həmçinin spesifik kimyəvi tərkibinə görə şamdan uzaq duran gənə kimi digər həşəratlara da mənfi təsir göstərir.

Maralçılıqla məşğul olan Saami cəmiyyəti bu ağacların yayılmasından xüsusi əziyyət çəkir. Marallar bükülmüş formada olan şam ağaclarından qaçır. Çünki qışda heyvanların əsas yem mənbəyi olan mamırlar bu şamların sıx budaqları altında böyümür. Bu isə otlaqların idarə edilməsini çətinləşdirir və saamilərin ənənəvi həyat tərzinə təhlükə yaradır.

Bundan əvvəl iddia olunurdu ki, bükülmüş şam ağacları sərbəst şəkildə inkişaf edə bilmir. Belə ki, onun yalnız yüksək temperaturda, məsələn, yanğın zamanı açılan qozaları qalın qatran təbəqəsi ilə örtülür. Ancaq araşdırmalar göstərib ki, gənc ağaclarda yeni qozalar qatransız əmələ gəlir və onların toxumları asanlıqla külək vasitəsilə ətrafa yayılır. Bu isə dağlıq və bataqlıq ərazilərdə bu növün invaziv hala gəlmə riskini artırır.

Bükülmüş şam ağacının tez böyüməsinin iqtisadi faydalarına baxmayaraq, alimlər və ekoloqlar uzunmüddətli risklər barədə xəbərdarlıq edirlər. Bu növün kütləvi istifadəsinin gələcəkdə ekosistemə necə təsir edəcəyini qabaqcadan müəyyən etmək çətindir. Bir çoxları bükülmüş şam ağaclarının meşə təsərrüfatında əkilməsinin məhdudlaşdırılmasının və istifadəsinə daha ehtiyatla yanaşmağın tərəfdarıdırlar.

Избранный
16
50
azertag.az

10Источники