RU

Davos görüşləri mühüm iqtisadi və siyasi nəticələr verib ŞƏRH

Bakı, 28 yanvar, AZƏRTAC

Davos Forumunda Prezident İlham Əliyevin çoxsaylı ikitərəfli görüşləri mühüm iqtisadi və siyasi nəticələr verib. Bu görüşlər həm dövlət və hökumət başçıları, həm beynəlxalq təşkilatların nümayəndələri, həm də özəl sektor təmsilçiləri ilə aparılıb. Görüşlərdə qaldırılan əsas məsələlər qarşılıqlı iqtisadi əlaqələrin inkişafı, müxtəlif istiqamətlər üzrə çoxtərəfli əməkdaşlıqların təşviqi kimi məsələləri əhatə edib.

Bu fikirləri AZƏRTAC-a şərhində BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin dekanı dosent Laçın Abışlı söyləyib.

O bildirib ki, Avropa Yenidənqurma və İnkişaf Bankının nümayəndə heyəti ilə görüş də xüsusi əhəmiyyət daşımaqla müsbət nəticə verib: “Bank rəhbərliyi ilə keçirilən görüşdə Azərbaycanın su təsərrüfatı və dayanıqlı inkişaf layihələri əsas müzakirə mövzusu olub. Gəncə şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması üzrə kredit sazişi imzalanıb. Bununla yanaşı, kiçik və orta sahibkarlığın dəstəklənməsi üçün yeni layihələr müzakirə olunub.

Latviya Prezidenti Edqars Rinkeviçs ilə görüşdə Azərbaycanla Latviya arasında siyasi və iqtisadi əməkdaşlıq perspektivləri müzakirə edilib. Prezident İlham Əliyev iki ölkə arasında mövcud münasibətlərin inkişaf etdirilməsinin önəmini vurğulayıb. Görüşdə ticarət, turizm və təhsil sahələrində əməkdaşlıq imkanlarına da toxunulub.

Xorvatiya Baş naziri Andrey Plenkoviç ilə görüşdə Azərbaycanın Xorvatiyanın enerji təhlükəsizliyinə verdiyi töhfələr, xüsusilə neft və qaz təchizatı sahəsindəki əməkdaşlıq müzakirə olunub. Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan bu gün 10 Avropa ölkəsinə qaz ixrac edir ki, onlardan da səkkizi Avropa İttifaqına üzv ölkələrdir. Azərbaycan Avropa İttifaqı tərəfindən pan-Avropa enerji təchizatçısı kimi qiymətləndirilib. Həmçinin görüşdə ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi və Azərbaycanın Avropa İttifaqı ilə əlaqələri məsələsinə dair fikir mübadiləsi aparıldı, hökumətlərarası komissiyanın rolu qeyd olundu”.

“The Goldman Sachs Group Inc.” şirkətinin nümayəndə heyəti ilə görüşdə Azərbaycan ilə şirkətin arasında əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi aparıldığını deyən L.Abışlı qeyd edib ki, 1869-cu ildə təsis edilmiş və mənzil-qərargahı ABŞ-ın Nyu-York şəhərində yerləşən şirkət investisiya və istehlak bankçılığı, qiymətli kağızlar, aktivlərin idarə edilməsi sahələrində xidmət göstərən aparıcı qlobal maliyyə institutudur. Şirkət hazırda 40-dan çox ölkədə fəaliyyət göstərir və müxtəlif siniflər üzrə 2,8 trilyon ABŞ dolları dəyərində aktivləri idarə edir.

Dekan vurğulayıb ki, dövlət başçımızın "DP World" şirkətinin nümayəndə heyəti ilə görüşü də iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edir. Şirkət dünyanın ən böyük liman operatorlarından biridir. Həmçinin şirkət coğrafi cəhətdən şaxələndirmə baxımından da liderlər sırasındadır. Hazırda “DP World” dünyanın müxtəlif yerlərində 80-ə yaxın limanın operatorluğu ilə məşğuldur. Görüş zamanı Azərbaycanın Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərindəki rolu və bu dəhlizlərin regional və qlobal iqtisadiyyata təsiri geniş müzakirə olunub. Şirkətin dünya üzrə geniş liman operatorluğu təcrübəsi, Azərbaycanın logistik infrastrukturunun gücləndirilməsi üçün yeni perspektivlər yaradır. Digər bir görüş isə "Carlsberg Group" şirkətinin nümayəndəli ilə keçirildi. Şirkətin rəhbəri Azərbaycanın cəlbedici investisiya mühitindən razılığını ifadə etdi və ölkədə fəaliyyətlərini genişləndirmək niyyətini bildirdi. Görüşdə mülkiyyət hüquqlarının qorunması və istehsal proseslərinin lokallaşdırılmasının artırılması üzrə yeni təşəbbüslər də müzakirə edildi.

“Azərbaycanın Davos İqtisadi Forumunda iştirakı ölkənin iqtisadi və siyasi gücünün artdığını bir daha göstərir. Prezident İlham Əliyevin bu forum çərçivəsindəki çıxışları və görüşləri Azərbaycanın beynəlxalq mərkəzlər üçün cəlbedici bir ölkə kimi tanınmasını təsdiqləyir. İkitərəfli görüşlər zamanı əldə edilən nəticələr, investisiya, nəqliyyat və enerji sektorlarında Azərbaycanın lider mövqeyini möhkəmləndirir. Bunun nəticəsi isə obyektiv olaraq təkcə iqtisadi sahədə deyil, ölkəmizin beynəlxalq münasibətlərdə də liderliyini möhkəmləndirir”, - deyə L.Abışlı fikrini yekunlaşdırıb.

Избранный
38
26
azertag.az

10Источники