RU

Aqrar subsidiyada yeniliklər

Aqrar Subsidiya Şurası əkin subsidiyalarının alınması üçün sığortalanması tələb olunan bitkilərin siyahısı və onların əkin sahələrinin minimum ölçüləri ilə bağlı yeni qərarlar qəbul edib. Bu barədə XQ-yə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.

 Bildirilib ki, ölkə Prezidentinin 27 iyun 2019-cu il tarixli fərmanı ilə təsdiqlənmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”na uyğun olaraq yeni tələblər müəyyənləşdirilib. Dəyişikliklərə əsasən, birillik bitkilər – arpa, buğda, çəltik və qarğıdalı üçün əsas və təkrar əkin subsidiyalarının alınması üçün ümumi əkin sahəsi 10 hektar və ya daha artıq olmalıdır. Çoxillik bitkilər – üzüm, çay, fındıq, nar, zeytun, limon, kinkan, narıngi, portağal, şaftalı (nektarin), ərik, alma, armud, gilas, xurma (xirnik), badam və qoz bağları üçün isə minimum əkin ölçülərinə uyğun olaraq sığortalanma tələb olunur.

Aqrar Subsidiya Şurasının subsidiya əmsalları ilə bağlı qərarına əsasən 2025-ci ildə yeni subdidiyaların tətbiqi də planlaşdırılır. Belə ki, qaragilə (mavigilə) əkin subsidiyası Şirvan –Salyan, Dağlıq Şirvan, Abşeron –Xızı və Lənkəran – Astara iqtisadi rayonları ilə yanaşı Quba – Xaçmaz iqtisadi rayonlarını da əhatə edir. Bu ildən torf və perlit qarışığında dibçəklərdə əkilən bağlara 15 min manat subsidiya veriləcək. Turşuluq səviyyəsi 6,5-dən artıq olmayan torpaqlarda, damcı suvarma sistemi ilə təmin olunmuş və 1 hektara minimum 3 min 400 tingin əkildiyi qaragilə bağlarına isə 7 min 500 manat subsidiya ayrılacaq.

Cari il üçün tətbiq olunacaq yenə şərtlərdən biri də iqlim stansiyalarının qurulmasıdır. Əsasən, üzüm, çay və intensiv meyvə bağlarının əkin subsidiyalarının alınması üçün 15 hektar və ya daha artıq sahəyə malik fermerlərdən iqlim stansiyası qurulması tələb olunacaq. Qeyd edək ki, bu tələblər yalnız 2025-ci il yanvarın 1-dən sonra salınan bağlara şamil ediləcək.

Şura bu ildən şəkər çuğunduru əmsallarında da dəyişiklik edib. Belə ki, müasir suvarma sistemi ilə təmin olunmuş sahələr üzrə məhsul əmsalı 19 manatdan 22 manata, müasir suvarma sistemi olmayan sahələrdə isə 18 manatdan 19 manata qədər artırılıb. 

Избранный
8
4
xalqqazeti.az

10Источники