ABŞ-da miqrant “ovu”: məktəb, xəstəxana və kilsədə də onları axtarırlar
Tramp administrasiyası qeyri-qanuni mühacirlərə qarşı deportasiya əməliyyatlarını genişləndirib, üstəlik, kilsə və xəstəxana kimi yerlərdə də məhdudiyyətləri aradan qaldırıb.
Reyting.az xəbər verir ki, hazırda Demokrat Partiyasının aparıcı fiqurları prezident Donald Tramp tərəfindən sərhədə qoşun yeridilməsini “simvolik addım” kimi tənqid edirlər.
Xatırladaq ki, ötən həftə Tramp administrasiyası ABŞ-da qeyri-qanuni yaşayanları deportasiya etməyə başlayıb.
İmmiqrasiya və Gömrük Mühafizəsi Departamentinin direktoru Tom Homan bazar günü ABC kanalında prioritetin ictimai təhlükəsizliyə və milli təhlükəsizliyə qarşı təhdidlərlə mübarizə olduğunu bəyan edib.
“Hazırda biz daha kiçik bir əhaliyə diqqət yetiririk. Lakin zaman keçdikcə ölkə daxilində daha çox həbslər olacaq”, - deyən Homan əlavə edib ki, cinayət qeydləri olmayan sənədsiz immiqrantların da deportasiya məsələsi masadadır.
Qeyd edək ki, artıq İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) və Sərhəd Mühafizəsi əməkdaşları immiqrantların kilsə, məktəb və xəstəxana kimi əvvəllər qadağan olunmuş yerlərdə saxlanmasına qoyulan məhdudiyyətləri aradan qaldırıb. Ancaq buna rəğmən məktəblər və xəstəxanalar belə əməkdaşların içəriyə daxil olmasına imkan vermir, onlardan məhkəmə qərarı tələb edirlər.
Demokrat senator Elisa Slotkin Tramp administrasiyasının immiqrasiya siyasətini tənqid edib: “Bu, insanların sərhədə gəlməsini və Birləşmiş Ştatlarda yaşamağa çalışmasını dayandırmaq üçün bir siqnaldır”.
Senator sərhəddə hərbçilərin rolu barədə də xəbərdarlıq edib: “Konstitusiyaya görə, ordu köməkçi rolları öz üzərinə götürə bilər, lakin o, hüquq-mühafizə qüvvəsi kimi çıxış etsəydi, fərqli mənzərə yaranardı”.
Onu da qeyd edək ki, keçən həftə Trampın əmri ilə Meksika sərhədinə 1500-ə yaxın fəal hərbi qulluqçu yerləşdirilib. T. Homan bu əsgərlərin varlığını “dünyaya sərhədin bağlı olmasına dair güclü bir mesaj” kimi qiymətləndirib. Lakin demokratlar bu addımın immiqrantların qarşısını almaq üçün daha çox simvolik olduğunu deyirlər.