Mask yəhudiləri qəzəbləndirib: ən böyük təşkilat “X” platformasını tərk edir
Amerika və Kanada yəhudi qruplarından ibarət İslahat Yəhudiliyi Birliyi amerikalı milyarder İlon Maskın “ksenofob və antisemit” paylaşımları səbəbindən “X” sosial media platformasından istifadəni dayandıracaq.
Reyting.az xəbər verir ki, 15 fərqli yəhudi qrupunun imzası ilə ABŞ-da yerləşən İslahat Yəhudiliyi İttifaqının internet saytında paylaşılan açıqlamada “X”-in sahibi İlon Maskın “anti-semit və ksenofobik məzmunlu” paylaşımlar etdiyi vurğulanıb.
“Biz zəhərli disqusiyalarla dolu olan “X”-də aktiv paylaşımları və fəaliyyəti dayandırmağı seçirik”,- deyə məlumatda qeyd olunur.
Yəhudi ittifaqı bildirir:
“Araşdırmalarımız və yaşanmış təcrübəmiz göstərir ki, “X” nifrət, antisemitizm və sosial parçalanmanın təbliği üçün platformaya çevrilib”.
Bəyanatda Maskın antisemit və ksenofob məzmunlu fikirlərinin milyonlarla izləyicisinə təbliğ etdiyi və “X”-dəki bu nifrət dolu yazıların həm yəhudilərə, həm də fərqli inanclara malik olan və ya olmayan hər kəsə zərər verdiyi vurğulanıb.
Bəyanatda “X”-də iştirakın 2025-ci ilin mart ayına qədər dayandırılacağı qeyd olunub.
Xatırladaq ki, yanvarın 25-də Halledə ifrat sağçı populist Almaniya üçün Alternativ Partiyasının (AfD) seçki kampaniyası toplantısına qatılan Mask onlayn olaraq almanların alman olmaları ilə fəxr etməli olduqlarını və uşaqların valideynlərinin günahlarına görə məsuliyyət daşımadıqlarını söyləyib. Bildirib ki, almanlar baba və nənələrinə görə məsuliyyət daşımırlar. Bundan sonra Maskın sözləri “nasist cinayətlərinin günahını unutmaq” məqsədi daşıdığı səbəbiylə tənqidlərə səbəb olub.
Bundan başqa, Maskın ABŞ-nın 47-ci prezidenti Donald Trampın tərəfdarlarına müraciəti zamanı nasist salamına bənzətdiyi jestdən sonra onun davranışı mübahisələrə səbəb olub.
Qeyd edək ki, indiyə qədər “Apple”, “Warner Bros.”, “Disney”, “Paramount”, “NBCUniversal”, “Discovery” və “Comcast” kimi bir çox məşhur şirkət bu yazıya cavab olaraq “X”-də reklamlarını ləğv edib.