Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli ilə Dünya Bankının Avropa və Mərkəzi Asiya regionunda kənd təsərrüfatı və qida təcrübəsi üzrə meneceri Holqer Krayın rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə Q.Təhməzli ölkəmizdə qida təhlükəsizliyinin təmin olunması istiqamətində görülən işlər, həmçinin bu istiqamətdə beynəlxalq təşkilatlar və xarici ölkələrlə əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlər barədə məlumat verib.
Görüşdə daha sonra Azərbaycan hökuməti ilə Dünya Bankının birgə əməkdaşlığı çərçivəsində icra edilmiş “Kənd təsərrüfatının rəqabət qabiliyyətinin gücləndirilməsi layihəsi” çərçivəsində müxtəlif istiqamətlər üzrə görülmüş işlərə diqqət yetirilib.
Agentlik tərəfindən heyvan və bitki sağlamlığı sahələrində hüquqi və normativ bazanın təkmilləşdirilməsi, vivariumun yaradılması və BSL3 laboratoriyasının qurulması, məhsulların izlənməsi, heyvanların identifikasiyası və qeydiyyatı sistemi, innovativ həllərin tətbiqi ilə informasiya texnologiyaları sahəsində ən müasir beynəlxalq təcrübənin tətbiqi məsələlərinin Dünya Bankı tərəfindən hazırlanacaq yeni layihədə nəzərə alınması ilə bağlı prioritet istiqamətlər müzakirə edilib. İstifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlərlə çirklənmiş ərazilərdə mövcud problemlərin aradan qaldırılması istiqamətində AQTA-nın təşəbbüsü ilə görülmüş və görülməkdə olan işlər nəzərdən keçirilib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.