"Azərbaycandan Azərbaycana yol verilməlidir"...
“Yeni layihələr arasında Zəngəzur dəhlizini qeyd etmək istərdim. Zəngəzur dəhlizi layihəsi Azərbaycan tərəfindən irəli sürülmüşdür. İkinci Qarabağ müharibəsindəki Zəfərimizdən sonra bu məsələ beynəlxalq gündəliyə, beynəlxalq leksikona salındı və bu gün Zəngəzur dəhlizi artıq dünyada qəbul edilmiş ifadədir, qəbul edilmiş termindir. Əlbəttə ki, biz bu dəhlizin açılması üçün praktiki addımlar atırıq”. Bu fikirləri prezident İlham Əliyev nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə səsləndirilib.
Dövlət başçısının sözlərinə görə, Ermənistan tərəfi dörd ildən çoxdur ki, bu məsələ ilə bağlı qeyri-konstruktiv mövqe sərgiləyir, faktiki olaraq 10 noyabr kapitulyasiyasından sonra üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir: “Orada açıq-aydın göstərilirdi ki, Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat bağlantısı olmalıdır. Ermənistan isə buna əməl etmir, müxtəlif bəhanələr gətirərək, müxtəlif qeyri-real və cəfəng layihələri ortaya ataraq, sadəcə olaraq, beynəlxalq ictimaiyyətin fikrini çaşdırmaq istəyir, manipulyasiyalarla məşğuldur. Yəqin ki, siz də eşitmisiniz, dırnaqarası “Sülh kəsişməsi” layihəsini ortalığa atıb və indi dünyada bir ölkə qalmayıb ki, o ölkəyə bu layihə təqdim edilməsin. Halbuki bu dırnaqarası layihənin Azərbaycansız iki qəpiklik də qiyməti yoxdur və biz bunu dəfələrlə Ermənistan tərəfinə müxtəlif kanallar vasitəsilə çatdırmışıq... Ermənistan rəhbərliyinə bir daha məsləhət görərdim ki, 10 noyabr kapitulyasiya aktını diqqətlə oxusun və orada xüsusilə dediyim o bəndə diqqət yetirsin. Yenə də deyirəm, onların dırnaqarası layihəsi Azərbaycansız tamamilə əhəmiyyətsizdir. Sadəcə olaraq, vaxt uzatmaqla məşğuldurlar, beynəlxalq ictimaiyyəti çaşdırmaqla məşğuldurlar. Yenə də Azərbaycana qarşı müxtəlif dairələrdə çirkin kampaniyaların aparılmasına rəvac veriblər. Bunun nəticəsində faktiki olaraq bu günə qədər Azərbaycanın ayrılmaz hissəsi - Naxçıvan Muxtar Respublikası ilə bizim ən qısa və ən rahat bağlantımız yoxdur… Yenə də deyirəm, bizim Ermənistana ərazi iddiamız yoxdur. Ancaq Ermənistan öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirərək Azərbaycandan Azərbaycana maneəsiz keçid verməlidir”. Beləliklə, Azərbaycan Zəngəzur dəhlizi ilə bağlı qəti mövqe sərgiləyir. Bunu ermənistanda nəzərə alanların sayı az deyil. Elə bu fonda politoloq Stepan Danielyan qeyd edir ki, Zəngəzur dəhlizinin açılmasını təkcə Azərbaycan istəmir: “Rusiya da dəhlzin açılmasını tələb edən tərəflərdən bridir.
Rusiya artıq Ermənistanın indiki hakimiyyətinə daha dözməyəcəyinə dair qərar verib. Belarus prezidentinin bəyanatlarında bizim üçün yeni heç nə yox idi. Məsələ ondadır ki, o, niyə belə bəyanatlar verərkən Rusiya prezidentinə istinad edir. Moskva bununla da bəyan edir ki, Ermənistanın indiki hakimiyyəti artıq Avropa və ABŞ-yə arxalana bilməz. O, tək qalıb, yeganə ümidi Türkiyə və Azərbaycandır”. Onun sözlərinə görə, növbəti tələb Zəngəzur dəhlizinin açılması, daha sonra azərbaycanlıların Ermənistana köçürülməsi olacaq. Elə bu fonda “TRT World”ün Zəngəzur dəhlizi ilə bağlı yayımladığı xəritə və məqalə Ermənistanda narahatlıq doğurub. Burada İranın Suriyadakı məğlubiyyət və Yaxın Şərqdə proksilərinə endirilən ağır zərbələr səbəbindən çətin vəziyyətə düşdüyü bildirilir. Tehranın yaşadığı ağır iqtisadi çətinliklər də nəzərə alınmaqla, Zəngəzur dəhlizinin açılmasına razı olmaqdan başqa çarəsinin qalmadığı qeyd olunur. İranın dəhlizlə yanaşı bir neçə regional layihələrə baxışını təkrardan nəzərdən keçirə biləcəyi deyilir. Məqalədə dəhlizlə bağlı yer alan xəritə xüsusi diqqət çəkir. Belə ki, xəritəyə əsasən dəhlizin başlanğıc nöqtəsi Zəngilan rayonunun Ağbənd qəsəbəsi, bitiş nöqtəsi isə Naxçıvan Muxtar Respublikasının Ordubad şəhəridir. Nəşr yazır ki, dəhlizin açılması İran üçün də faydalı olacaq, o Naxçıvan və Türkiyə üzərindən Avropaya çıxış əldə edə biləcək. Sözügedən məqalə və xəritə Ermənistanda ciddi müzakirələrə səbəb olub. Yerli mətbuat, siyasətçilər və ictimaiyyət arasında narahatlıq artıb. Ermənistanın sərhədlərini özünün “qırmızı xətti” adlandıran İranın qərarını dəyişərək dəhlizin açılmasına razılıq verməsi ehtimalı erməniləri təşvişə salıb. Ermənistanın baş naziri Nikol Paşinyanın onsuz da bu məsələyə razı olduğunu, Tehranın da fikrini dəyişməsi ilə dəhlizin açılmasına heç bir maneənin qalmadığı bildirilir. Bir daha qeyd edək ki, Zəngəzur dəhlizi təkcə Azərbaycanın qərb rayonlarını Naxçıvanla birləşdirməyə xidmət etmir, perspektivdə o, Şərq-Qərb, Şimal-Cənub marşrutlarının da mühüm tərkib hissəsi olacaq. Bu səbəbdən dünya miqyasında Zəngəzur dəhlizinə böyük maraq var. ABŞ, Rusiya, Çin, Avropa ölkələrinin böyük əksəriyyəti, Mərkəzi Asiya dövlətləri və digərləri bu dəhlizin açılmasında maraqlı tərəf kimi çıxış edirlər. Zəngəzur dəhlizinin işə düşməsi məqsədilə ölkəmiz ərazisində genişmiqyaslı fəaliyyət həyata keçirir və prosesi əsas etibarı ilə yekunlaşdırmaq üzrədir. Amma bu vaxta kimi Ermənistan rəhbərliyi dəhlizin açılması istiqamətində hər hansı əməli addım atmır, sözdən o tərəfə keçməyən fikirlər səsləndirir. Halbuki, dəhlizin açılacağı təqdirdə ondan ən böyük fayda götürən tərəflərdən biri Ermənistan özü olacaq. Çünki işə başladıqdan sonra bu dəhliz Ermənistanın əsas ticarət və nəqliyyat yollarından biri olmasına gətirib çıxaracaq, idxal və ixrac marşrutlarının şaxələndirməsinə imkan verəcək.
Ramil QULİYEV