Bu gün dünya şöhrətli azərbaycanlı futbol hakimi Tofiq Bəhramovun anadan olmasının 100-cü ildönümüdür.
Teleqraf.com xəbər verir ki, Tofiq Bəhramov 1925-ci il yanvarın 29-da Ağdamda anadan olub.
Dünya futbol tarixinə “Qızıl fit” alan yeganə laynsman kimi düşən Tofiq Bəhramov futbolçu karyerasına 1940-cı ildə başlayıb. O, əvvəlcə “Spartak”ın gənclərdən ibarət komandasında çıxış edib, sonra isə “Neftyanik”ə dəvət olunub. Lakin ayağından aldığı zədə nəticəsində futbolçu karyerasına erkən son qoyub. Ancaq futbolun vurğunu olan Tofiq Bəhramov sevimli məşğuliyyətindən ayrılmayıb və hakim kimi bu idman növündə fəaliyyətini davam etdirib. Tofiq Bəhramov keçmiş SSRİ-də avrokubokların finalında hakimlik etmiş ilk referi kimi də tarixə düşüb.
Tofiq Bəhramova dünya şöhrəti gətirən oyunu isə 1966-cı il İngiltərədə keçirilən dünya çempionatının final qarşılaşması olub. Almaniya - İngiltərə final qarşılaşmasında yan xətt hakimi kimi yaşıl meydanda olan Tofiq Bəhramov qarşılaşmada Cef Hertzin qapı xəttindən keçən qolunu qeydə alıb. Bundan başqa, azərbaycanlı hakim 1972-ci ildə qitələrarası kubokun finalını idarə edib.
Tofiq Bəhramov Azərbaycan Futbol Federasiyaları Assosiasiyası yarananda hakimlərin sədri, daha sonra isə baş katib vəzifələrində çalışıb. Hazırda Respublika stadionu Tofiq Bəhramovun adını daşıyır.
Tofiq Bəhramov 1993-cü il martın 26-da dünyasını dəyişib.