“Çox maraqlı bir şey oldu ki, Tramp andiçmə mərasiminə Çin prezidenti Si Cinpini şəxsən dəvət etdi, amma mərasimə vitse-prezident qatıldı...”
“Tramp andiçmə nitqində Rusiya-Ukrayna savaşından danışmasa da, ilk iş günündə - yanvarın 21-də ilk fərmanları, qərarları imzalayarkən dedi ki, Putinlə görüşəsək. Lakin nə vaxt görüşəcəyini bildirmədi. Onu da əlavə etdi ki, Zelenski savaşı bitirmək istəyir, ancaq Putin istəmir. Bu, çox çətin məsələdir. Çünki burada əsas söz sahibi Ukrayna olmalıdır. Amma məsələ ondadır ki, Putin Ukraynanı tərəf saymır, yalnız ABŞ ilə, yəni Trampla oturub bazarlıq etmək istəyir. İndi nə vaxt görüşəcəklər, nə ilə nəticələnəcək. Bunu zaman göstərəcək”.
Bu fikirləri Moderator.az-a açıqlamasında beynəlxalq siyasət üzrə analitik Teymur Qasımlı “Tramp andiçmə nitqində nə Rusiyanın, nə də Ukraynanın adını çəkdi. Buna necə yanaşırsız? Bu, ABŞ-nin yeni liderinin dünyanın ən böyük və təhlükəli geo-siyasi problemlərindən birinə o qədər də ciddi yanaşmayacağının göstəricisi deyil ki” sualını cavablandırarkən ifadə edib.
“Və onu da deyim ki, Tramp hələlik bir nömrəli düşmən kimi Çini hədəf götürüb. Çox maraqlı bir şey oldu ki, Tramp andiçmə mərasiminə Çin prezidenti Si Cinpini şəxsən dəvət etdi, amma mərasimə vitse-prezident qatıldı. Bu da ABŞ-nin geo-siyasi düşmən elan etdiyi Çindən gələcək münasibətlərlə bağlı bir mesaj oldu”, -deyə davamında analitik vurğulayıb.