Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov təklif edib ki, Azərbaycanda doktorantura təhsilinin səviyyəsi birə endirilməlidir. Onun fikrincə, bu qanunun qəbul edilməsi təhsilimizin inkişafına öz töhfəsini verəcək.
Ümumiyyətlə doktorantura təhsilinin səviyyəsinin birə endirilməsi nədir? Bəs bu qanun qəbul edilərsə, gələcək təhsil üçün nə vəd edəcək?
Mövzu ilə bağlı Bizim.Media-ya fikir bildirən təhsil eksperti Qoşqar Məhərrəmov qeyd edib ki, burada söhbət doktorantura təhsilinin birmərhələli olmasından gedir.
“Məlumdur ki, Azərbaycanda fəlsəfə doktoru, elmlər doktoru kimi mərhələlər var. Yəni köhnə adla desək, doktorantura, asperantura var. Bunu dəyişdirməyi tövsiyə edirlər. Bu dəyişiklik əlbəttə gecikmiş bir dəyişiklikdir. İllərdir ki, bu məsələ müzakirə edilir. Dünyanın bir çox ölkəsində isə doktorantura təhsili birmərhələli olaraq davam edir”.
Ekspert eyni zamanda diqqətə çatdırıb ki, Azərbaycanda doktorantura təhsili almaq, dünyanın bir çox ölkəsində doktorantura təhsili almaqdan daha çətindir:
“Əlbəttə, elmi cəhətdən deyil, mərhələ cəhətdən çətindir. Yəni, bir neçə mərhələlər var. Prosedurlar, addımlar, fazalar var. Bu fazaların bir çoxuna gərək yoxdur”.
O qeyd edib ki, doktorantura təhsili universitetin verdiyi təhsildir və universitet tərəfindən heyət qurulur:
“Nəticədə tələbə fəlsəfə doktoru elmi ünvanı alır. Bizdə isə universitetlər burada vasitəçi qurum kimi fəaliyyət göstərir. Ali Attestasiya Komissiyası doktorantura diplomunun verilməsini öz əlində saxlayır. Burada Ali Attestasiya Komissiyası və universitetin mənafeləri toqquşur. Əslində qarşılıqlı etibar, güvən, keyfiyyətə nəzarət, monitorinq olsa, əlbəttə ki, hər iki qurum bir-birinə etibar edəcək. Nəticədə yaxşı, keyfiyyətli kadrlar, fəlsəfə doktorları ortaya çıxacaq”.
Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov isə Ceyhun Məmmədovun Milli Məclisdə səslədirdiyi fikirləri dəstəkləyib. O, hesab edir ki, ikipilləli doktorantura təhsili mütəq şəkildə dəyişilməlidir və bu da “Təhsil haqqında” qanunda öz əksini tapmalıdır:
“Hətta, bu çox gecikmiş bir qərar olardı. Biz xarici təcrübəyə baxanda, görürük ki, Azərbaycanda doktorantura pilləsi onlardan fərqli olaraq ikipilləlidir. Yəni, fəlsəfə və elmlər doktoru pilləsindən ibarətdir.
Bir insan doktoratura təhsili alır, fəlsəfə doktoru üzrə müdafiə edir, fəlsəfə doktoru elmi dərəcəsi alır, ikinci dəfə təzədən elmlər doktoru proqramı üzrə təhsil alır və elmlər doktoru olur. Düşünürəm ki, bu dəyişiklik həm də bu sahədə müəyyən yeniliklərin tətbiqinə gətirib çıxaracaq. Elmi təsir üçün həqiqətən faydalı ola bilər”.
Aygün Hüseyn, Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта