"TikTok"un satışı üçün geri sayım başlayıb. Populyar video tətbiqi "TikTok"un satışı üçün müəyyən edilmiş son tarixə az vaxt qalıb.
ABŞ prezidenti Donald Tramp (Donald Trump), 19 yanvar tarixində bir neçə saatlıq fasilə yaşayan tətbiqin satışını 75 gün müddətinə təxirə salmışdı.
ABŞ-də 170 milyon insanın istifadə etdiyi bu tətbiq ötən il ABŞ Konqresində qəbul edilmiş qanuna əsasən ya satılmalı, ya da qadağan olunmalıdır.
Tramp son olaraq TikTok"un ana şirkəti "ByteDance" ilə ABŞ-li bir sahibkarın bərabər paylı ortaq olması təklifini irəli sürüb.
Çin mənşəli şirkət tətbiqin satışına dəfələrlə qarşı çıxsa da, bu, potensial alıcıların ortaya çıxmasına mane olmayıb.
ABŞ mənşəli "Associated Press" (AP) xəbər agentliyi, Kaliforniyada yerləşən "Perplexity AI" şirkətinin "TikTok" səhmlərinin 50%-i üçün qısa müddət əvvəl təklif verdiyini bildirib.
Populyar video tətbiqinin potensial alıcıları arasında texnologiya milyarderləri, siyasətçilər və bir "YouTuber" var.
1. MrBeast və ya əsl adı ilə Cimmi Donaldson (Jimmy Donaldson)
"TikTok"u satın almağı planlaşdıran şəxslərdən biri, internetdə "MrBeast" adı ilə tanınan "YouTuber" Cimmi Donaldson-dur.
Hüquq firması "Paul Hastings LLP"nin ötən həftə yayımladığı açıqlamaya əsasən, Donaldson "Recruiter.com"un qurucusu Cessi Tinslinin (Jesse Tinsley) rəhbərlik etdiyi bir investor şəbəkəsini dəstəkləyir və tamamilə nağd ödəniş təklif edir.
Donaldsonun nümayəndəsi Metyu Hiltzik (Matthew Hiltzik) AP-yə açıqlamasında, Donaldsonun investorlarla danışıqlar aparmağa davam etdiyini, lakin hələ heç biri ilə razılığa gəlmədiyini qeyd edib.
Donaldson ilk olaraq TikTok-un qadağasının qüvvəyə minməsindən bir neçə gün əvvəl "X" platformasında paylaşım edərək TikTok-u satın ala biləcəyinə işarə etmişdi.
Okay fine, I’ll buy Tik Tok so it doesn’t get banned
— MrBeast (@MrBeast) January 14, 2025
Növbəti paylaşımında isə sövdələşmənin həyata keçməsi üçün "çox sayda milyarderin" onunla əlaqə saxladığını iddia etmişdi.
Çərşənbə günü "TikTok"da paylaşdığı başqa bir videoda Donaldson, "hazır təklifi olduğunu" bildirib.
"TikTok-u satın almaq istəyirik. Amerika "TikTok"a layiqdir. Mənə də bu masada bir yer verin, bu platformanı xilas edim," deyə o, açıqlama verib.
Bundan əlavə, "TikTok"dakı profilindəki bioqrafiyasına "TikTok-un gələcək CEO-su?" qeydini əlavə edib.
MrBeast müxtəlif sosial media platformalarında 500 milyondan çox izləyiciyə sahibdir. "Forbes"inn təxminlərinə görə, o, 2024-cü ildə təxminən 85 milyon dollar qazanıb.
2. Frank MakKurt (Frank McCourt) və "The People's Bid"
Yarışa qoşulan son ad ABŞ-li əmlak maqnatı və "Los Angeles Dodgers"in keçmiş sahibi milyarder Frank MakKurtdur.
MakKurt "TikTok"un satın alınması üçün hüquq firmaları, texnologiya mütəxəssisləri, akademiklər və vətəndaşların iştirak etdiyi "The People's Bid" konsorsiumunu yaradıb.
May 2024-cü ildə verdiyi mətbuat açıqlamasında, "Rəqəmsal infrastrukturumuzun təməli sarsılıb və bunu düzəltməyin vaxtıdır," deyə bildirib.
"Bu alışı, interneti istismar edən mövcud texnologiya modelinə alternativ yaratmaq üçün inanılmaz bir fürsət kimi görürük."
"AP"yə görə, qrup 2024-cü ilin dekabrında investorlar tərəfindən ümumilikdə 20 milyard dollardan artıq sərmayə öhdəliyi aldıqlarını açıqlayıb.
Trampın müdaxiləsi
Prezident Trampa görə, ideal namizəd "Tesla"nın CEO-su İlon Mask (Elon Musk) və ya "Oracle"ın idarə heyətinin sədri Lerri Ellison (Larry Ellison)dur.
"CNBC"nin xəbərinə görə, Tramp prezidentliyə başladıqdan qısa müddət sonra keçirilən mətbuat konfransında Mask və ya Ellisondan birinin platformanı almasına "açıq" olduğunu deyib.
Maskın adı ilk dəfə Çin rəsmilərinin tətbiqin ABŞ-dəkı əməliyyatlarının bir hissəsini təhvil vermək üçün danışıqlar apardığına dair iddialardan sonra gündəmə gəlib.
Mask sahibi olduğu sosial media platforması "X"də paylaşdığı bir yazıda, "TikTok" qadağasına "qarşı olduğunu", çünki bunun "ifadə azadlığına zidd" olduğunu qeyd edib.
I have been against a TikTok ban for a long time, because it goes against freedom of speech.
— Elon Musk (@elonmusk) January 19, 2025
That said, the current situation where TikTok is allowed to operate in America, but ? is not allowed to operate in China is unbalanced.
Something needs to change. //t.co/YVu2hkZEVZ
Mask, "TikTok-un Amerikada fəaliyyətinə icazə verilir, amma "X" Çində qadağandır. Nələrinsə dəyişməsinə ehtiyac var," deyə bildirib.
Digər tərəfdən, Ellison "TikTok"un satın alınması ilə bağlı ictimaiyyət qarşısında hər hansı bir açıqlama verməyib, lakin şirkət 2020-ci ildə tətbiqin bulud texnologiyası təminatçısı olmaq üçün bir tenderi qazanmışdı.
"Oracle"ın CEO-su Safra Kats (Safra Catz) o vaxt verdiyi açıqlamada, sövdələşmənin bir şərtinin "Oracle"ın TikTok "Global"da azlıq pay sahibi olması olduğunu bildirmişdi.
Kats, "TikTok-a son dərəcə təhlükəsiz mühit təmin edə biləcəklərinə və TikTok-un ABŞ-dakı istifadəçilərinin məlumat məxfiliyini qoruya biləcəklərinə" əmin olduqlarını da sözlərinə əlavə etmişdi.
Digər potensial alıcılar
Digər potensial alıcılar arasında, son günlərdə "CNBC"də tətbiqə sərmayə qoymaq istəyini bir daha vurğulayan ABŞ-ın keçmiş maliyyə naziri Stiven Mnuçin (Steven Mnuchin) də var.
Xəbərlərə görə, "Activision"un keçmiş CEO-su Bobbi Kotik (Bobby Kotick) də bu işə maraq göstərə bilər.
"Wall Street Journal" ötən il Kotik-in bir konfrans zamanı "OpenAI"nin CEO-su Sem Altman (Sam Altman) və digər investorlarla görüşərək tətbiqin alınması ilə maraqlandığını ifadə etdiyini bildirmişdi.
"Euronews Next", TikTok nümayəndələrinə və bu məqalədə adı çəkilən bütün potensial alıcılara müraciət edib, lakin hələlik cavab almayıb.
Rəhim