Brüssel Azad Universitetinin belçikalı alimləri İraqın Qərb səhrasında apardıqları ekspedisiyanı yekunlaşdırıblar. İş zamanı qrup 1,5 milyon ilə qədər yaşı ola biləcək daş alətlər tapıb.
“Report” xəbər verir ki, bu barədə elmi qurumun rəsmi saytında məlumat verilib.
Arxeoloqlar Əş-Şəbəkə bölgəsindəki ərazini tədqiq ediblər. Tədqiqatçıların diqqət mərkəzində Pleystosen dövründə tamamilə qurumuş böyük bir gölün ərazisi olub. Onlar Erkən və Orta Paleolit dövrünə aid yeddi abidə aşkar ediblər.
Qurumuş gölün səth qatında 850-dən çox artefakt, o cümlədən Erkən Paleolit dövrünə aid əl baltaları (1,5 milyon il əvvəl) və levallua qəlpəsi (300-40 min il əvvəl) aşkar edilib. Sonuncular dəqiq iş üçün istifadə olunan nazik daş plitələrdir.
“Bu tapıntılar bizə qədim insanların landşaftdan necə istifadə etdiyini və iqlim dəyişikliyinə uyğunlaşdıqlarını anlamağa kömək edir”- deyə, ekspedisiyanın rəhbəri Ella Eqberts bildirib.