“Onlayn ünsiyyət üzrə beynəlxalq sertifikasiya” layihəsi çərçivəsində təlim keçirilib.
AzEdu.az xəbər verir ki, Zaqatalada Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalibi olan “Onlayn ünsiyyət üzrə beynəlxalq sertifikasiya” layihəsinin əsas məqsədi Zaqatala rayon Bəhmətli kənd tam orta məktəbinin 30 nəfərlik heyətinin onlayn əməkdaşlıq alətlərindən istifadə bacarıqlarını inkişaf etdirmək və onları “ICDL İşçi Qüvvəsi üçün Onlayn Əməkdaşlıq” (ICDL Workforce Online Collaboration) beynəlxalq sertifikasiyasına hazırlamaqdır.
Layihənin rəhbəri Aliyə Qurbanova tədbiri açaraq qonaqlara layihə ilə bağlı ətraflı məlumat verib. O qeyd edib ki, məktəbdə effektiv ünsiyyət təhsilin və sosial inkişafın əsasını təşkil edir. Məktəbdə effektiv ünsiyyət deyiləndə yalnız məktəb-şagird və məktəb-valideyn münasibətləri deyil, həmçinin həmkarlararası və təlim-tərbiyə prosesində iştirak edən maraqlı tərəflər arasında qurulan ünsiyyət də nəzərdə tutulur.
Daha sonra o, onlayn ünsiyyətin əhəmiyyətinə toxunaraq vurğulayıb: “Onlayn ünsiyyət müasir dövrdə təhsil prosesinin ayrılmaz hissəsidir. Bu həm şagirdlər, həm də müəllimlər arasında məlumat mübadiləsini asanlaşdıraraq təhsilin keyfiyyətinin artırılmasına xidmət edir”.
Xatırladaq ki, layihə 3 ay müddətində həyata keçiriləcək. Bu müddət ərzində beynəlxalq sertifikasiyaya hazırlıq üzrə təlim məzmunu Azərbaycan dilinə tərcümə ediləcək, təlimlər təşkil olunacaq və iştirakçılar beynəlxalq imtahanda iştirak edəcəklər. Beynəlxalq imtahan Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzinin “ICDL Authorized Testing” mərkəzi tərəfindən keçiriləcək.