RU

Üçündən səs çıxmır, ikisi tufan qoparır

Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

Azərbaycan Premyer Liqasında qış fasiləsinə iki həftə əvvəl yekun vurulsa da, "transfer pəncərəsi" hələ bağlanmayıb. Elita təmsilçilərinin güclənmək üçün qarşıda daha 10 gün vaxtı var. Amma yanvarın 14-dən bu yana, yəni iki həftədən artıq müddətdəki müşahidələr, o cümlədən 19-cu və 20-ci turların nəticələri əsasında müəyyən qənaətə gəlmək mümkündür. 

Fanat.Az mövsümün ikinci yarısına hazırlığı ölkədən kənarda keçməyərək ("Turan Tovuz" istisna olmaqla) Azərbaycanda qalan klublarımızın transfer fəaliyyətlərini, fasilədən necə yararlandıqlarını araşdırıb. 

"Qarabağ"

Ağdam klubu 3 yanvarda bir araya gəlib Bakıda hazırlıq keçdi. Qurban Qurbanovun komandası 10 gün davam edən təlim-məşq toplanışında 2 yoxlama oyununda qüvvəsini sınadı. 

"Kəpəz" - 5:1
"Zirə" - 4:2

"Qarabağ" fasilə müddətində hələ transfer reallaşdırmayıb. Baxmayaraq ki, komandanı əsas qolçusu Olavio Juninyo tərk etdi. Onun keçidi qış transfer dönəminin əsas gündəm mövzusu idi. Adı əvvəl La Liqa klubu "Sevilya" ilə çəkilsə də, braziliyalı vətənində oynamağa üstünlük verdi. O, "Flamenqo"ya transfer olunmaqla "Qarabağ"a təxminən 5 milyon avro qazandırdı.  
Xatıqraladaq ki, 2023-cü ilin yayından "köhlən atlar"ın formasını geyinən 28 yaşlı forvard bu müddətdə 81 matça çıxaraq 42 qol vurub. O, Premyer Liqada 48 (23 qol), ölkə kubokunda 6 (5 qol), avrokuboklarda 27 (14 qol) oyun keçirib. Ön xətt oyunçusu "Qarabağ"la ölkə çempionatının və Azərbaycan Kubokunun qalibi olub.


Olavio Juninyo

Qurban Qurbanovun transfer istəmədiyini demək doğru olmaz. Təcrübəli mütəxəssis diqqətli seçim etmək istəyir. O, son açıqlamasında belə deyib: "İstədiyimiz mövqelərə bəyəndiklərimiz olsa, mütləq götürəcəyik. Ötən aylarda da neçə oyunçumuz zədələndi, balansı qoruya bilmədik. Bəzi rotasiyalar edirdik. Bu ay 15 gündə 5 oyunumuz var. Transfer xətrinə transfer etmək istəmirik. Çox istərdik ki, ürəyimizcə olan oyunçular olsun. Axtarışdayıq".

"Araz-Naxçıvan"

Dekabrın 22-də “Qarabağ”la matçdan sonra istirahətə yollanan “Araz-Naxçıvan” iki həftəlik fasilədən sonra yanvarın 5-də məşqlərini bərpa etdi. Elmar Baxşıyevin komandası hazırlıq çalışmalarını Buzovna qəsəbə stadionunda reallaşdırdı. "Araz-Naxçıvan" hazırlıq çərçivəsində "Səbail" və "Sumqayıt"la gücünü sınadı. 

"Səbail" - 2:1
"Sumqayıt" - 2:2

Qeyd edək ki, "Araz-Naxçıvan" qış transfer pəncərəsi dönəmində "bazarlıq" etməyi lazım bilmir. Komandanın liderlər mövqeyində qərarlaşması və hazırki heyətlə inamlı çıxış etməsini nəzərə alan rəhbərlik "yeni qan"a ehtiyac duymur. Yeni transfer reallaşdırılmadığı kimi, komandadan göndərilən oyunçu da yoxdur. 

"Zirə"

"Zirə" yanvarın 2-si tarixində Bakıda təlim-məşq toplanışına start verdi. Hazırlığını paytaxtda reallaşdıran “qartallar” toplanış müddətində 2 yoxlama oyunu keçirdi. Rəşad Sadıqovun komandası yanvarın 9-da “Şamaxı”, 12-də isə “Qarabağ”la qarşılaşdı.

"Şamaxı" - 3:1
"Qarabağ" - 2:4

O ki qaldı transferlərə, komanda bu qış yeni oyunçuya ehtiyac duymadı. Hər halda, indiyə qədər transfer həyata keçirilməyib. Əvəzində paytaxt təmsilçisindən bir futbolçu ayrıldı. Rəşad Sadıqov Abbas İbrahimin xidmətinə ehtiyac duymadı. Onunla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildi. 2023-cü ilin fevralından paytaxt komandasında çıxış edən nigeriyalı yarımmüdafiəçi müqaviləsinin başa çatmasına 6 ay qalmış göndərildi. 

Yeri gəlmişkən, “Zirə” fasilədə köməkçi məşqçisi Borçe Xristovla yollarını ayırdı. Şimali Makdeoniya Futbol Federasiyasının müraciətini nəzərə alan Bakı təmsilçisi çalışdırıcı ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verdi. Belə ki, mütəxəssis bundan sonra karyerasını vətənində davam etdirəcək. O, Şimali Makedoniya Futbol Federasiyasının təhsil mərkəzinin direktoru vəzifəsində çalışacaq, yeniyetmələrdən ibarət milli komandaların strategiyası və hazırlığına rəhbərlik edəcək.

"Turan Tovuz"

Qışda istər hazırlıq, istərsə də transferlər baxımından ən keyfiyyətli iş görən komanda "Turan Tovuz"dur. 



Mövsümün ikinci hissəsinə hazırlıq məqsədi ilə ölkədən xaricə çıxan yeganə komanda məhz Tovuz təmsilçisi oldu. Yanvarın 4-də bir araya gələn “Turan Tovuz” həmin gün Antalyaya yola düşdü. Komanda  yanvarın 13-nə qədər qardaş ölkədə hazırlıq keçdi. Kemer bölgəsində məskunlaşan Premyer Liqa klubu hazırlıq çərçivəsində 2 yoxlama oyununda gücünü sınadı. Qərb təmsilçisi yanvarın 9-da Rumıniya təmsilçisi “Qloriya Buzau” ilə gəldi. Kurban Berdıyevin rəhbərlik etdiyi kollektivin növbəti sınağı 3 gün sonra Özbəkistan klubu "Paxtakor"a qarşı oldu. Tovuzlular hər iki görüşdə eyni hesabla uduzdu.

"Paxtakor" (Özbəkistan) - 0:2
"Qloriya Buzeu" (Rumıniya) - 0:2

Qeyd etdiyimiz kimi, "Turan Tovuz" qış "transfer pəncərəsi"ndən yetərincə faydalandı. Bölgə komandası heyətini qorumaqla yanaşı, 6 transfer reallaşdırdı. Yerli bazardan "Sumqayıt"lı Rəhim Sadıxovla "Kəpəz"li Orxan Əliyev heyətə cəlb olundu.  
Legionerlərə gəlincə, Anton Kraçkovskini "Dinamo Mahaçqala"dan icarəyə götürən klub Kauan Martins De Paula ("Brera Strumitsa", Şimali Makedoniya), Joarlem Batista Santos ("Çaves", Portuqaliya) və Jo Batista Santos ("Çaveş") kimi legionerlərlə gücünə güc qatdı. Belədə "boz qurdlar"ın fasilədən sonra da "diş"li görünəcəyi şübhə doğurmur. Düzdür, "Kəpəz"ə sürpriz məğlubiyyət (2:5) tovuzlu azarkeşləri həyəcanlandırmışdı. Ancaq son turda lider "Qarabağ" üzərində əzmkar qələbə komandanın iddiasını bir daha ortaya qoydu. 

"Sabah"

Paytaxt klubunun toplanışı 4-13 yanvar tarixlərini əhatə etdi. Mövsümün ikinci yarısına hazırlıqlar "bayquşlar"ın Şüvəlanda yerləşən bazasında - “Sabah” Futbol Mərkəzində baş tutdu. "Sabah" bu müddətdə cəmi yoxlama oyunu keçirdi. “Şamaxı” ilə görüş yanvarın 12-də, “Bank Respublika Arena”da oynanıldı. 

"Şamaxı" - 2:0

"Sabah" qış "transfer pəncərəsi"ndən qismən faydalandı. Paytaxt təmsilçisi 2 oyunçu ilə gücləndisə, kapitanı Elvin Camalovu "Neftçi"yə "güzəştə getdi". 
Rusiyalı baş məşqçi Vasili Berezutskinin ilk transferi Qazaxıstan millisinin qapıçısı Stas Pokatilov oldu. Paytaxt klubu "Tobol"un qolkiperi ilə mövsümün sonuna qədər anlaşıb. 32 yaşlı əlcək sahibi karyerası ərzində Qazaxıstanın “Akjayık” (2010-2013), “Şaxtyor” (Karaqanda, 2013-2015), “Aktobe” (2015-2016, 2022-2023), “Kayrat” (2016-2022), “Tobol” (2024) və Rusiyanın “Rostov” (2016) komandalarında çıxış edib. 2015-ci ildən Qazaxıstan millisinin üzvü olan Pokatilov yığmada 28 oyun keçirib.

"Sabah"ın növbəti transferi özbəkistanlı yarımmüdafiəçi Umarali Raxmonaliyev oldu. 21 yaşlı legioner  Rusiyanın "Rubin" klubundan transfer olundu. Raxmonaliyev 2023-cü ildən Kazan təmsilçisində çıxış edirdi.

"Sumqayıt"

"Gənclik şəhəri" təmsilçisi Azərbaycan Premyer Liqasının ikinci yarısına hazırlığa yanvarın 5-də başladı və toplanışı Sumqayıtda keçdi. Komanda bu müddət ərzində iki yoxlama oyunu keçirdi.

"Araz-Naxçıvan" - 2:2
MOİK - 3:2

"Sumqayıt" qış transfer pəncərəsindən ən çox dəyişikliyə məruz qalan komandalardandır. İlk növbədə Vaqif Cavadovla müqavilə yeniləyən, baş məşqçi kimi ona güvəndiyini nümayiş etdirən "kimyaçılar" 35 yaşlı mütəxəssislə 2,5 illik anlaşma imzaladı. Gənc mütəxəssisə Şahin Abdullayev və uzun illər komandanın kapitanlıq sarğısını daşımış Vurğun Hüseynov köməkçi təyin olundu. Qapıçılar üzrə məşqçi vəzifəsini Emil Babayev icra edəcək. Komandanın fiziki hazırlıq üzrə məşqçisi Gerard Martinez Bernat olacaq.  

Heyətə gəlincə, komandaya hələki 1 yeni futbolçu gəlib. Qvineyalı Momo Yansane ilə sonradan 1 il uzatmaq şərti ilə mövsümün sonuna qədər müqavilə imzalandı. 27 yaşlı forvard son olaraq Gürcüstanın "Torpedo" (Kutaisi) klubunda çıxış edib. Yansane karyerası boyunca "Torpedo" ilə yanaşı, "Nijni Novqorod" (Rusiya), "Şerif" (Moldova), "Riyeka" (Xorvatiya) kimi klublarda çıxış edib. O, Qvineyanın U-20 və əsas yığmalarına da dəvət alıb.
Yansanedən başqa, "Sumqayıt" daha bir legionerin keçidini reallaşdırmağa hazırlaşır. Klub artıq adını açıqlamağa tələsmədiyi futbolçunun yol üstə olduğunu anons edib. 

"Sumqayıt" 2 nəfəri rəsmən yola salıb. Gedənlər Fernando Medeirosla "Turan Tovuz"a keçən Rəhim Sadıxovdur. Ancaq yaxın günlərdə daha 2 legionerin gedişi rəsmən açıqlanacaq. Söhbət ekvadorlu Cordan Rezabala ilə Kristian Velinovskidən gedir. 
Xatırladaq ki, "gənclik şəhəri" təmsilçisinə ötən ilin fevralında qoşulan cənubi amerikalı Rezabala cari mövsüm Misli Premyer Liqasında çıxdığı 17 matçda 3 qol və 2 məhsuldar ötürməyə imza atıb. O, Azərbaycan Kubokunda keçirdiyi 1 görüşdə 1 assistlə diqqət çəksə də, UEFA Konfrans Liqasının təsnifat mərhələsində forma şansı qazandığı 2 qarşılaşmada məhsuldar göstəricilərlə yadda qalmayıb. 
Kristian Velinovski isə 2013-cü ilin sentyabrında Şimali Makedoniya "Breda"sından gəlib. Yarımmüdafiəçi zədələr səbəbindən ilyarımı boşa verib və bu müddətdə cəmi 6 oyuna çıxıb.

"Neftçi"

Paytaxt klubu hazırlıq dönəmində Qəbələdə məskunlaşdı. “Neftçi” yanvarın 3-də qış təlim-məşq toplanışına start verdi. Yanvarın 5-dək “Neftçi” Futbol Mərkəzində məşq edən "ağ-qaralar" toplanışın davamını yanvarın 6-dan 12-dək Qəbələ şəhərində keçirdi. Bir həftə davam edən təlim-məşq toplanışında "Neftçi" yoxlama oyunu keçirmədi. 

Klub qış "transfer pəncərəsi"ndə hələlik iki keçid reallaşdırıb. Bunun biri xarici, digəri yerli bazardan olub. "Neftçi"nin ilk transferi yaponiyalı Ryonosuke Ohori oldu. Son klubu Litva “Transinvest”i olan 24 yaşlı yarımmüdafiəçi ilə "5 ay + 2 il" şərti ilə müqavilə imzalandı. 
Daha sonra "ağ-qaralar" "Sabah"dan milli üzvü Elvin Camalovu rənglərinə bağladı. 29 yaşlı dayaq yarımmüdafiəçisi ilə 1,5+1 illik sözləşmə imzalandı. 


Elvin Camalov

Göründüyü kimi, hər iki transfer orta sahəyə edildi. Baxmayaraq ki, bu qış klubu tərk edənlər fərqli mövqelərin oyunçularıdır. Belə ki, "ağ-qaralar" müdafiəçi Mark Tamaş və vinger Kilan Lebonla yollarını ayırdı. 

Onu da əlavə edək ki, fasilə müddətində “Neftçi”nin məşqçilər korpusunda yeni təyinat oldu. Rumıniyalı Boqdan-Kornel Merişanu atletik hazırlıq üzrə məşqçi vəzifəsini yerinə yetirəcək. Mütəxəssis 2022-ci ilin iyunundan 2023-cü ilin iyununadək “Neftçi”nin sabiq baş məşqçisi Laurentsiu Regekampfın köməkçilərindən olub. O, “Neftçi”dən başqa, Rumıniyanın “Poltexnika Timişoara” (2012-2016), “Universitatya Krayova” (2021-2022, 2023), Səudiyyə Ərəbistanının “Əl-Vehda” (2018), “Əl-Əhli” (2021), “Əl-Tai” (2023-2024), BƏƏ-nin “Əl-Vəsl” (2019-2021), Tunisin “Esperans” (2024) klublarında və Rumıniyanın U-21 millisində (2016-2018) çalışıb.

"Şamaxı"

Əyalət təmsilçisi 2 yanvar tarixində Bakıda bir araya gəlib hazırlığını da paytaxtda keçirdi. Ayxan Abbasovun baş məşqçisi olduğu komanda bu müddətdə 2 yoxlama oyununda qüvvəsini sınadı. "Şamaxı" yanvarın 9-u “Zirə”, 12-si isə “Sabah”la qarşılaşdı və hər ikisində uduzdu. 

"Zirə" - 1:3
"Sabah" - 0:2

"Şamaxı" qış transfer pəncərəsində "qaynayan qazan"a bənzəyir. Nəticələri qeyri-qənaətbəxş hesab edən klub rəhbərliyi 7 oyunçu alıb, 8-ni göndərib, 1 nəfərlə müqaviləni uzadıb. "Aslanlar"ın yenilərindən 3-ü (Cəlal Hüseynov -"Arda"/Bolqarıstan, Murad Vəliyev - "Levadiya"/Estoniya, Vüsal Məsimov - "Səbail") yerli statuslidirsa, Andrey Kostin Tırkovyanu ("Pasifik", Kanada), Mikael Tique Dias Santos (“Hegelmann”, Litva), Alfons Msanqa Mabula ("Novi Sad", Serbiya), Vladislav Veremeyev ("Yelqava", Latviya) əcnəbidir. 
Gedənlərə gəlincə, "təmizləmə əməliyyatı" nəticəsində İlkin Muradov, Giorgi Kantariya, Adil Nağıyev, Ramin Əhmədov, Qurban Səfərov, Zahid Mərdanov, Conatan Benteke və Emin Zamanov göndərildi. Müqavilə müddətini isə Edqar Adilxanov uzatdı.  

"Səbail" 

Mövsümün ikinci yarısının hazırlığına yanvarın 3-də başlayan "Səbail" toplanışı əsasən Bayılda, "ASCO Arena”da keçirdi. Hazırlıq çərçivəsində "Araz-Naxçıvan”la yanvarın 11-də baş tutan yoxlama oyunu isə "Azərsun Arena"da reallaşdı. 

"Araz-Naxçıvan" - 1:2

Mövsümün gedişində, konkret, 12-ci turdan sonra Şahin Diniyevi istefaya göndərən "Səbail” bütün planlarını qış fasiləsinə saxlamışdı. "Transfer pəncərəsi" dönəmində "Səbail"də bir sıra dəyişikliklər oldu. Klub rəhbərliyi baş məşqçi Cavid Hüseynovun sərəncamına 4 futbolçu verdi. Onlardan 2-si əcnəbi, 2-si isə yerli oyunçudur. Ancaq yerlilər "candərdi" transfer olunublar. “Şamaxı”dan ayrılan İlkin Muradovu heyətinə qatan "dənizçilər" hucum xəttinə vaxtilə heyətində çıxış edən, ancaq son vaxtlar klubsuz qalan Mirabdulla Abbasovu gətirdi.  

"Səbail”in dövrələrarası fasilədə ilk transferi serbiyalı Marko Nikoliç oldu. 26 yaşlı mərkəz müdafiəçisi ilə 1,5 illik anlaşma imzalandı. Nikoliç son olaraq Qazaxıstan Premyer Liqası təmsilçisi “Turan”da çıxış edib.
Bundan başqa, "dənizçilər" Ruanda millisinin hücumçusu İnnosent Nşutini heyətinə qatdı. Onunla müddəti mövsümün sonuna qədər nəzərdə tutulan müqavilə imzalandı. 
Qeyd edək ki, Nşuti Ruanda millisinin heyətində 10 matça çıxaraq 2 qol vurub.

Gedənlərə gəlincə, klub Vüsal Məsimovun "Şamaxı"ya, Gülağa Əsədovun isə "Mingəçevir"ə yolunu açdı.

"Kəpəz"

"Sarı-göylər" yanvarın 2-də Gəncədə bir araya gəlib "Kəpəz" Məşq Mərkəzində bir həftəlik təlim-məşq toplanışı keçirdi. Komanda yalnız yanvarın 9-dakı yoxlama oyunu üçün bazasını tərk edərək Bakıya üz tutdu. Komandanın "Qarabağ" ilə sınaq matçının nəticəsi Azər Bağırova xeyli "material" verdi. 

"Qarabağ" - 1:5

Transfer çalışmaları ilə bağlı vəziyyət elə də ürəkaçan deyil. Hər halda, qərb təmsilçisini tərk edən oyunçuların sayı gələnləri üstələyir. 
Komanda əvvəlcə son klubu Gürcüstan "Samtredia"sı olan Rati Ardazişvili heyətinə qatdı. 26 yaşlı yarımmüdafiəçi ilə "6 ay + 1 il" müddətinə müqavilə bağlandı. Rati "Samtredia"dan başqa, Ukraynada ("Rux"), Qazaxıstanda ("Kaspi", "Jetısu") və Latviyada ("Liepaya") oynayıb. O, Gürcüstanın aşağı yaş qrupları üzrə yığma komandalarının, o cümlədən U-21 millisinin şərəfini qoruyub. 
"Kəpəz"ə gələn digər oyunçu tacikistanlı Şervoni Mabatşoevdir. Onun son klubu ölkəsində "İstiklol" olub. Tacikistan millisinin 24 yaşlı yarımmüdafiəçisi ilə  "6 ay + 1 il” müddətinə müqavilə imzalayıb. Mabatşoev yığmasının heyətində 29 oyuna çıxıb, 6 qol vurub.
Gəncəlilərin 3-cü transferi də legionerdir. Trent Buhagiarın son klubu İtaliya B Seriyasından "Breşiya" olub. Əslən Avstraliyadan olan Malta millisinin yarımmüdafiəçisi ilə "6 ay + 1 il" müqavilə imzalanıb.

Qış fasiləsində komandanı ilk olaraq hücumçu Orxan Əliyev tərk etdi. O, digər qərb təmsilçisi "Turan Tovuz"a transfer olundu. 
Mahir Həsənov  karyerasını 1-ci Liqa təmsilçisi “Difai”də davam etdirəcək. O, sözügedən komandaya icarəyə verildi. 23 yaşlı müdafiəçi cari mövsümün sonuna qədər icarə əsasında Ağsu təmsilçisinin şərəfini qoruyacaq. 
"Kəpəz" bu yerli oyunçularla yanaşı 2 legionerlə - Lassana Ndiaye və Redon Mihana ilə də vidalaşdı.

Mirağa Mirzəyev

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

Избранный
11
fanat.az

1Источники