“Həmas” ilə İsrail arasındakı əsir mübadiləsinin üçüncüsündə Qəzzada saxlanılan israilli qadın əsgər Aqam Berger Cəbaliyyədə Beynəlxalq Qırmızı Xaç Komitəsinin heyətinə təhvil verilib.
“Həmas”ın silahlı qanadı İzzəddin əl-Qəssam briqadaları ilə Beynəlxalq Qırmızı Xaç nümayəndələri ilk əsirin təhvil verilməsinə dair sənədləri imzalayıblar. İsrailli əsir Berger Qırmızı Xaç heyətinə hərbi geyimdə təhvil verilərkən əvvəlcə platformaya çıxaraq Qəzza sakinlərini salamlayıb daha sonra Qırmızı Xaç avtomobilinə minərək bölgədən ayrılıb.
İsrail ordusu əsiri təhvil aldıqlarını və ölkəyə doğru yola çıxdıqlarını təsdiqləyib. Digər əsirlərin azad olunması üçün Qəzza zolağındakı Xan Yunis şəhərində hazırlıqlar davam edir.
“Həmas”ın dünən verdiyi açıqlamaya görə, israilli 3 əsirlə yanaşı tailandlı 5 əsirin də azad olunması gözlənilir. İsrailin isə yaxın saatlarda həbsxanalardan 110 fələstinli əsiri azad edəcəyi gözlənilir.