RU

Zəngəzur dəhlizinin bərpası geosiyasi əhəmiyyət kəsb edir

Prezident İlham Əliyevin iştirakı ilə nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə uzaqları yaxınlaşdıran beynəlxalq nəqliyyat layihələri ilə bağlı proqnozlar açıqlandı

Bakıda, ADA Universitetində «Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat» mövzusunda keçirilən beynəlxalq konfransda geostrateji əhəmiyyətə malik Azərbaycanın nəqliyyat infrastrukturunun beynəlxalq əhəmiyyətindən ətraflı bəhs edən Prezident İlham Əliyevin vurğuladığı kimi, 44 gün davam edən İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərdə geniş miqyasda həyata keçirilən yol-nəqliyyat infrastrukturu beynəlxalq əhəmiyyətli layihələrin, o cümlədən Zəngəzur dəhlizinin bərpasını aktuallaşdırdı: «Bu günün mövzusu Orta Dəhliz məsələsinə həsr olunub. Lakin mən bu konfransın necə adlandırıldığını gördükdə, - «geosiyasət, təhlükəsizlik və iqtisadiyyat» - bildim ki, bu nöqteyi-nəzərdən mövzunun əhatəliliyi daha geniş olacaq və bu da təbiidir» sözləri ilə dünyanın nəqliyyat xəritəsini dəyişdirəcək Orta Dəhliz kimi irimiqyaslı layihənin region ölkələrinə faydası ilə bağlı proqnozları da diqqətə çatdırdı . Təbii ki, istənilən genişmiqyaslı layihələrin icrası üçün önəmli şərt sabitlikdir. Azərbaycan bölgədə yaratdığı reallıqlarla regional sabitlik təmin edilib. Fikrini «Çünki güclü iqtisadiyyat, siyasi, iqtisadi sabitlik və hökumət siyasətimizin proqnozlaşdırılması - bütün bu amillər körpülərin və mümkün qədər çox ölkə ilə daha yaxın münasibətlərin qurulması ilə yanaşı, bugünkü reallığa gətirib çıxarıb. Buna görə siyasi sabitlik, təhlükəsizlik, iqtisadiyyat - bütün bu amillər çox vacibdir» sözləri ilə açıqlayan dövlət başçımız onu da vurğulamışdı ki, açıq dənizə, okeanlara çıxışı olmayan Azərbaycan qlobal nəqliyyat layihələrinin reallaşmasında daha çox maraqlıdır. Bakı –Tbilisi-Qars dəmir yolunu reallaşdırmaqla bölgə dövlətləri üçün əhəmiyyətli infrastruktur formalaşdıran rəsmi Bakı üçün Şimal-Cənub, Şərq-Qərb dəhlizi kimi digər nəqliyyat layihələri də önəmlidir.

Təcrübədən də aydındır ki, yol olmayan yerdə inkişaf da yoxdur. Bu baxımdan son 20 ildə böyük diqqət göstərilən yol-nəqliyyat infrastrukturu daim diqqət mərkəzindədir. Ölkə daxilində sərnişin və yük daşımalarının daha sürətli və təhlükəsiz daşımalarının həyata keçirilməsinə diqqətlə yanaşan Azərbaycan beynəlxalq layihələrin icrasına da əlverişli şərait yaradır. Son illərdə ölkə daxilində 335 körpü və yolötürücüsünün inşası da əhəmiyyətli addımdır. Reallaşan layihələr hesabına infrastruktur obyektləri, xüsusilə dağlıq ərazilərdə və çətin relyefli bölgələrdə yol hərəkəti asanlaşmışdır. Körpülər və yolötürücüləri vasitəsilə çətin keçilən yerlərdə nəqliyyatın təchizatı təmin olunmuş, qəza və təhlükələr minimuma endirilmişdir. Bakı-Tbilisi-Qars dəmir yolu kimi Bakı Dəniz Limanı da beynəlxalq əhəmiyyətli infrastruktur kimi maraq doğurur . Nəqliyyatın inkişafına göstərilən diqqət yük daşımalarının səmərəliliyini artırmaqla qarşılıqlı əlaqələrin inkişafını sürətləndirib.

Yanvarın 28-də Prezident İlham Əliyevin iştirakı ilə nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə görülən işlərlə bağlı hesabatlar dinlənildi, proqnozlar açıqlandı. Paytaxt sakinlərini və sürücüləri narahat edən tıxacların aradan qaldırılması yoları müzakirə olundu. Son 30 ildə 10 milyonu ötən paytaxtımızın artan əhalisinə göstərilən nəqliyyat xidmətinin səviyyəsinin daha da yüksəldilməsi üçün həlli vacib məsələlərə aydınlıq gətirildi.

Qeyd olunduğu kimi, son illərdə ölkəmizdə əhaliyə göstərilən nəqliyyat xidmətinin səviyyəsi xeyli yüksəlmiş, yeni yollar çəkilmiş, ən müasir, rahat şəraiti olan geniştutumlu avtobuslar ölkə vətəndaşlarının istifadəsinə verilmişdir. Bakı şəhərində bir çox böyük layihələr icra edilmiş, yeni metro stansiyaları istifadəyə verilmiş, yol qovşaqları, tunellər, körpülər , genişzolaqlı yeni yollar inşa edilmişdir. Kənd və şəhərlərarası yolların salınması ilə sərhədlərimizi müasir avtomagistrallarla birləşdirmək imkanları yaranmışdır.

Ölkə ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizləri müasir tələblərə uyğun inşa olunmuşdur. Yerləşdiyi coğrafi ərazisinə görə yaranmış bir reallıq artıq təsdiqlənib: Bu gün Avrasiyanın nəqliyyat xəritəsini Azərbaycansız, onun nəqliyyat infrastrukturu olmadan təsəvvür etmək mümkün deyil. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin keçdiyi ölkəmizin ərazisindən daşınan yüklərin həcminin artırlıması və səmərəli daşınması üçün fiziki infrastrukturla yanaşı, rəqəmsallaşma məsələlərinə diqqət artırılsa da yeni layihələrə ehtiyac duyulur.

Beynəlxalq layihələr arasında Zəngəzur dəhlizinin bərpası geosiyasi əhəmiyyəti, səmərəliliyi baxımından dünya siyasətində aktuallığını qoruyur. «Zəngəzur dəhlizi layihəsi Azərbaycan tərəfindən irəli sürülmüşdür. İkinci Qarabağ müharibəsindəki Zəfərimizdən sonra bu məsələ beynəlxalq gündəliyə, beynəlxalq leksikona salındı və bu gün Zəngəzur dəhlizi artıq dünyada qəbul edilmiş ifadədir, qəbul edilmiş termindir. Əlbəttə ki, biz bu dəhlizin açılması üçün praktiki addımlar atırıq. Düzdür, Ermənistan tərəfi dörd ildən çoxdur ki, bu məsələ ilə bağlı qeyri-konstruktiv mövqe sərgiləyir, faktiki olaraq 10 noyabr kapitulyasiyasından sonra üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Orada açıq-aydın göstərilirdi ki, Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat bağlantısı olmalıdır» söyləyən Prezident İlham Əliyev müxtəlif bəhanələrlə bu məsələnin reallaşmasını gecikdirən Ermənistanın baş naziri Nikol Paşinyanın ortaya atdığı «sülh kəsişməsi» kimi qeyri-real, səmərəsiz layihəni beynəlxalq ictimaiyyətin fikrini çaşdırmaq naminə edilən manipulyasiya adlandırdı.

Siyasi savadsızlığını bu sahədə də büruzə verən Paşinyan bilməlidir ki, bu kimi cəfəng sərsəmləməsini irəli sürməzdən əvvəl ilk növbədə Azərbaycana müraciət etməlidir. «Çünki bizsiz bu, sadəcə olaraq, kağız parçasıdır, bizim şərtlərimiz isə ədalətlidir, beynəlxalq hüquqa əsaslanır və Ermənistanın özünün götürdüyü öhdəliklərinə əsaslanır. Ermənistan rəhbərliyinə bir daha məsləhət görərdim ki, 10 noyabr kapitulyasiya aktını diqqətlə oxusun və orada xüsusilə dediyim o bəndə diqqət yetirsin. Yenə də deyirəm, onların dırnaqarası layihəsi Azərbaycansız tamamilə əhəmiyyətsizdir. Sadəcə olaraq, vaxt uzatmaqla məşğuldurlar, beynəlxalq ictimaiyyəti çaşdırmaqla məşğuldurlar. Yenə də Azərbaycana qarşı müxtəlif dairələrdə çirkin kampaniyaların aparılmasına rəvac veriblər. Bunun nəticəsində faktiki olaraq bu günə qədər Azərbaycanın ayrılmaz hissəsi - Naxçıvan Muxtar Respublikası ilə bizim ən qısa və ən rahat bağlantımız yoxdur» söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi artıq birinci körpü Zəngilan rayonu ərazisində inşa edilir. Beləliklə, Ermənistan bundan sonra da dalan ölkə kimi labirintdə qalacaq və onların tranzit ölkəyə çevrilmə arzuları elə xəyal olacaq. İtirən isə yenə də Ermənistan olacaq.
«Azərbaycandan Azərbaycana maneəsiz keçid olmalıdır. Heç bir yoxlamadan keçmədən, heç bir maneə ilə üzləşmədən Azərbaycandan Azərbaycana rahat və azad keçid olmalıdır. Bu, bizim tələbimizdir və nəzərə alsaq ki, Qərbi Zəngəzuru sovet hakimiyyəti bizim əlimizdən 1920-ci ilin noyabrında alıb və Azərbaycan xalqına qarşı cinayət törədib, bu, birinci və sonuncu cinayət deyildi. İkincisi, ondan sonra ardıcıllıqla əgər getsək, cinayət dırnaqarası «Dağlıq Qarabağ Muxtar Vilayəti»nin Azərbaycan ərazisində yaradılması idi» sözləri ilə Ermənistana tarixi gerçəklikləri bir daha xatırladan cənab İlham Əliyev daşnakların törətdikləri digər cinayətlərin də unudulmadığını bildirir.

Müşavirədə beynəlxalq əhəmiyyətli layihələr kimi, ölkədaxili nəqliyyat infrastrukturu ilə bağlı proqnozlar da diqqətə çatdırıldı. Son 20 ildə Azərbaycanda nəqliyyatla bağlı görülmüş işlərdən söz açıdı. Bildirildi ki, həmin müddətdə Azərbaycanda 21 min kilometr avtomobil yolu inşa və təmir edilib. 335 körpü və yol ötürücüsü, 45 tunel, 163 yerüstü və yeraltı keçid tikilib. 1500 kilometrdən çox dəmir yolu inşa, 1800 kilometr yol təmir edilib, yeni qatarlar və vaqonlar alınıb, məsafəsi 90 kilometrdən çox olan Abşeron dairəvi xətti istifadəyə verilib. Eməni lobbisinin təsir göstərdiyi Amerika Birləşmiş Ştatlarının etirazına baxmayaraq Azərbaycanın təşəbbüsü ilə Bakı-Tbilisi-Qars dəmir yolu tikilərək istifadəyə verilib. «Çünki hesab edilirdi ki, bu layihə Ermənistanı kənarda qoyur. Buna görə ovaxtkı Gürcüstan rəhbərliyinə Amerika dövləti tərəfindən çox ciddi təzyiq göstərilmişdi ki, Gürcüstan buna razılıq verməsin. Biz bir neçə il Gürcüstan tərəfi ilə danışıqlar aparmışdıq və nəhayət razılığa gələ bildik. O cümlədən mən şəxsən Amerika dövlətinin yüksəkvəzifəli nümayəndələri ilə bu məsələni dəfələrlə müzakirə etmişdim və bildirmişdim ki, onlar bizə maneə törətməməlidirlər. Bu, bizim üçün strateji layihədir və gələcəkdə bu layihədən digər ölkələr, o cümlədən onların müttəfiqləri də faydalanacaq. Həyat göstərdi ki, hər zaman olduğu kimi, biz haqlı idik» sözləri ilə tarixə ekskurs edən Prezident İlham Əliyevin vurğuladığı kimi, hazırda Amerikanın Avropadakı müttəfiqləri Bakı-Tbilisi-Qars dəmir yoluna, yüklərin Mərkəzi Asiyadan Avropaya və əks istiqamətə daşınmasına da böyük maraq göstərirlər. Beləliklə, beynəlxalq əhəmiyyətli bu yolun açılması ilə müxtəlif ölkələrin yükləri Ağ dəniz istiqamətinə, Avropaya, Türkiyəyə daşınır. Ehtiyac nəzərə alınaraq bu yolun aşırma qabiliyyəti Azərbaycanın vəsaiti hesabına genişləndirildi və daşıma qabiliyyəti 5 milyon tona çatdırıldı.

Reabilitasiyası və müasirləşməsi, daşınma imkanlarının və qatarların sürətinin artırılması istiqamətində görülən işlər arasında böyük əhəmiyyətə malik Sumqayıt-Yalama dəmir yolunun tikintisi artıq 80 faiz səviyyəsində təmin edilib və yaxın zamanlarda tam istifadəyə veriləcək. Ələt-Astara yolunun genişləndrilməsi də gündəlikdədir.

Təkcə paytaxtımızın deyil, rayonların, kəndarası yolların inşası və bərpası da gündəmdədir. Respublikamızın şəhərləri arasındakı bağlantıları təmin etmək üçün bir neçə yeni qatar istiqaməti müəyyənləşdirilib. Ölkəmizi qərb sərhədini şimal-qərb sərhədi ilə birləşdirən Bakı-Qəbələ, Bakı-Balakən, Bakı-Ağstafa dəmir yollarının fəaliyyəti bərpa olunub. Bakı, Naxçıvan, Gəncə və Lənkəran hava limanları yenidən qurulub. Qəbələ, Zaqatala, Füzuli və Zəngilan hava limanları istifadəyə verilib. Doqquzuncu beynəlxalq hava limanı bu il Laçında istifadəyə veriləcək. Ölkəmizə gələn turistlərin artım sayı nəzərə alınaraq Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni terminal kompleksinin inşası nəzərdə tutulur. Hazırda Ələtdə yükqəbuletmə limanın 1 milyon ton olacaq terminalı inşa edilir. Son illər ərzində vacib layihələrdən biri də yeni Dəniz Ticarət Limanının inşasıdır. Limanın birinci fazasının yükaşırma qabiliyyəti 25 milyon ton nəzərdə tutulur. Paytaxt sakinlərinin daha çox istifadə etdikləri metroların tikintisnə də diqqət artırılıb. 2008-ci ildən bu günə qədər metronun yeddi yeni stansiyası tikilib. Qəbul ediləcək Dövlət Proqramında daha 10 metro stansiyasının tikintisi nəzərdə tutulur. Əhaliyə göstərilən xidmətin səviyyəsinin yüksəldilməsi üçün 266 yeni nəsil metro vaqonu alınıb və bu proses davam etdirilir. Paytaxt sakinlərinə xidmət məqsədilə elektriklə işləyən 161 avtobus gətirilib. Gəmiqayırma zavodu da son illər ərzində inşa edilib. Hazırda tam gücü ilə işləyən Gəmiqayırma zavodunuda altı müxtəlifölçülü gəmi inşa edilir. Paralel olaraq, ölkəmizin Qara dənizdəki fəaliyyəti də yeni səviyyəyə uyğunlaşdırılır. Vaxtilə Azərbaycanın Xəzər Gəmiçiliyinə mənsub olan kiçikhəcmli gəmilər orada işləyirdi. Hazırda yükgötürmə qabiliyyəti 100 min ton olan dörd «Aframax» tipli tankerdən istifadə olunur.

İşğaldan azad edilmiş ərazilərdə də yol-nəqliyyat layihələrinə diqqət artırılır. Bu günədək 44 avtomobil yolunun layihəsi icra edilib. 45 tunel, 447 körpü, 16 viaduk nəzərdə tutulub. Bunlardan 28 tunel, 392 körpü və 9 viadukun tikintisi tamamlanmışdır. Horadiz-Ağbənd dəmir yolunun 60, Bərdə-Ağdam dəmir yolunun 94 faizi inşa edilib.

Beləliklə, Azərbaycanın Cənubi Qafqazdan başlanan, uğurlarımızı beynəlxalq ictimaiyyətə çatdıran yollarımızın qarşısında yanan «yaşıl işıq»ların sayı artmaqdadır.

Xuraman İsmayılqızı, «İki sahil»

Избранный
10
41
ikisahil.az

10Источники