“Napoli”nin cinah hücumçusu Xviça Kvaratsxeliya xoşagəlməz hadisə ilə üzləşb – gürcü futbolçu diz zədəsi alıb.
Arena.az bu barədə İtaliya klubunun mətbuat xidmətinə istinadən məlumat verir:
“Kvaratsxeliya sürüşmə fəndindən sonra sağ dizində vətərlərini burxulması ilə üzləşib. Tibbi müayinə zamanı daxili yan vətərin cüzi zədələnməsi müəyyən edilib”, – “eşşəkciklər”in mətbuat xidməti bildirib.
Xatırladaq ki, Xviça Kvaratsxeliya 2022-ci ilin iyulundan “Napoli”də çıxış edir. Neapol təmsilçisi gürcü cinah hücumçusunu 13,3 milyon avro məbləğ müqabilində Batumi “Dinamo”sundan öz heyətinə qatıb. Xviçanın İtaliya klubu ilə müaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövümdə “Kvara” 17 oyun keçirib, 5 qol vurub və 3 məhsuldar ötürmə verib.
Kvaratsxeliyanın “Napoli”də çıxışının ümumi mənzərəsi isə 105 oyun, 30 qol və 29 məhsuldar ötürmədən ibarətdir.
“Kvara” “Napoli” ilə 2022/2023-cü illər mövsümü İtaliya A Seriyasının qalibi olub.
Xviça Kvaratsxeliya 2019-cu ilin iyununda debüt etdiyi Gürcüstan yığmasının heyətində 40 oyuna 17 qol vurub, 9 məhsuldar ötürmə verib.
Gürcü futbolçu klub karyerası ərzində “Dinamo” (Batumi), “Rubin” (Kazan), “Lokomotiv” (Moskva), “Rustavi” və “Dinamo” (Tiflis) komandalarında oynayıb.
“Transfermarkt” internet-portalı 23 yaşlı gürcü cinah hücumçusunun transfer dəyərini 80 milyon avro məbləğində qiymətləndirir.
Xatırladaq ki, Xviçanın atası Badri Kvaratsxeliya vaxtilə Azərbaycanın “Kəpəz” və “Şəmkir” komandalarında çıxış edib. Badri Kvaratsxeliya həm də Azərbaycan milli komandasının uğurları üçün çalışıb.