Futbol agenti Paulo Barboza gürcü cinah hücumçusu Xviça Kvaratsxeliyanın “Napoli”dən PSJ-yə keçidi haqda fikrini bildirib.
Arena.az Barbozanın bu barədə qənaətini təqdim edir:
“Xviçanın Fransa çempionatına yollanması səhvdirmi? Baxıb görəcəyik. Ancaq mən düşünürəm ki, Xviçanın başqa, daha maraqlı seçimləri vardı. Məncə, Fransa futbolu ona uyğun gəlmir. Xviça üçün İspaniyada, hətta bəlkə də İngiltərədə oynamaq daha asan olardı. Fransız futbolu onluq deyil, burada ilham azdır: bir böyük komanda və digərləri var”, deyə Paulo Barboza fikrini əsaslandırıb.
“Safonov Xviçaya PSJ-yə daha tez uyğunlaşmağa kömək edəcək”
Rusiyalı mütəxəssis Yuri Syomin də Kvaratsxeliyanın PSJ-yə keçidi haqda fikrini bildirib:
“Xviça “Napoli”yə çox tez uyğunlaşmışdı. Ümidvaram ki, PSJ-də də o, ilk oyunlardan öz səviyyəsini göstərməyə başlayacaq. Fikrimcə, Matvey Safonov (PSJ-nin rus qapıçısı – redaktorun qeydi) Xviçaya PSJ-yə daha tez uyğunlaşmağa kömək edəcək”, deyə Syomin bildirib.
PSJ Kvaratsxeliya ilə müqavilə imzaladığını yanvarın 17-də elan edib. Tərəflər arasında müqavilənin müddəti 2029-cu ilə qədər qüvvədə olacaq. Gürcü futbolçu Paris klubuna 2022-ci ildən çıxış etdiyi “Napoli”dən keçib. Mətbuatda PSJ-nin Kvaratsxeliyanı əlavə üstəliklər nəzərə alınmadan 70 milyon avro məbləğ müqabilində satın aldığı barədə məlumat yayılıb.
Xatırladaq ki, “Napoli” gürcü cinah hücumçusunu 13,3 milyon avro məbləğ müqabilində Batumi “Dinamo”sundan öz heyətinə qatmışdı. Xviçanın İtaliya klubu ilə müaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə idi.
Cari mövümdə “Kvara” “eşşəkciklər” üçün 19 oyun keçirib, 5 qol vurub və 3 məhsuldar ötürmə verib. Kvaratsxeliyanın “Napoli”də çıxışının ümumi mənzərəsi isə 107 oyun, 30 qol və 29 məhsuldar ötürmədən ibarətdir.
“Kvara” “Napoli” ilə 2022/2023-cü illər mövsümündə İtaliya A Seriyasının qalibi olub.
Xviça Kvaratsxeliya 2019-cu ilin iyununda debüt etdiyi Gürcüstan yığmasının heyətində 40 oyuna 17 qol vurub, 9 məhsuldar ötürmə verib.
Gürcü futbolçu klub karyerası ərzində “Dinamo” (Batumi), “Rubin” (Kazan), “Lokomotiv” (Moskva), “Rustavi” və “Dinamo” (Tiflis) komandalarında oynayıb.
“Transfermarkt” internet-portalı 23 yaşlı gürcü sol cinah hücumçusunun transfer dəyərini 85 milyon avro məbləğində qiymətləndirir.
Xatırladaq ki, Xviçanın atası Badri Kvaratsxeliya vaxtilə Azərbaycanın “Kəpəz” və “Şəmkir” komandalarında çıxış edib. Badri Kvaratsxeliya həm də Azərbaycan milli komandasının uğurları üçün çalışıb.