AZ

Politoloq: Polşa ilə münasibətlər qarşılıqlı hörmət və əlaqələrin inkişafı prinsiplərinə əsaslanıb

5 yanvar 2025-ci il tarixində Polşa Respublikasının xarici işlər naziri Radoslav Şikorski Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova zəng vurub. Polşa xarici işlər naziri “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin faciəvi şəkildə qəzaya uğraması ilə bağlı bir daha başsağlığı diləklərini çatdırıb. Polşa tərəfinin faciənin səbəblərinin araşdırılması istiqamətində mümkün texniki dəstəyin göstərilməsinə hazır olduğu bildirilib. Nazir Ceyhun Bayramov başsağlığı diləkləri və göstərilən həmrəyliyə görə təşəkkür edib. Daha sonra, növbəti altı ay ərzində Polşanın Avropa İttifaqı (Aİ) Şurasına sədrliyi zamanı prioritet məsələlər, bu çərçivədə Azərbaycan-Aİ münasibətləri, Şərq Tərəfdaşlığının gələcək perspektivləri ətraflı müzakirə olunub. Azərbaycanla Polşa arasında siyasi, iqtisadi, alternativ enerji, humanitar və digər sahələrdə münasibətlərin geniş perspektivə malik olduğu, əlaqələrin inkişafında qarşılıqlı səfərlərin və siyasi dialoqun intensivləşdirilməsinin əhəmiyyəti qeyd olunub. Nazirlər telefon danışığı zamanı həmçinin regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Politoloq Aytən Qurbanova “Sherg.az”a bildirib ki, Polşa ilə münasibətlər istər Avropa İttifaqı çərçivəsində, istərsə də ikitərəfli formatda hər zaman qarşılıqlı hörmət və əlaqələrin inkişaf etdirilməsi prinsiplərinə əsaslanıb:

“Lakin son zamanlar Azərbaycan-Polşa münasibətlərində müəyyən soyuqluq müşahidə olunurdu. Bunun əsas səbəbi də Polşa prezidenti Andjey Dudanın Ermənistana səfəri zamanı Azərbaycan ilə Ermənistan arasındakı şərti sərhəddə səfər etməsi və “binokl diplomatiyasının” alətinə çevrilməsi idi. Xüsusilə də, bu hadisədən sonra münasibətlərdə müəyyən gərginliklər müşahidə edilmiş, hətta bu hadisənin Polşanın Avropa İttifaqı Şurasına sədrliyi dövründə İttifaq ilə Azərbaycan arasındakı əlaqələrə sirayət edəcəyi və İttifaqın bəzi institutları çərçivəsində anti-Azərbaycan çıxışlara rəvac verəcəyi ehtimalları daha çox müzakirə edilməyə başlanmışdı. Düşünürəm ki, iki ölkənin xarici işlər nazirləri arasındakı telefon danışığı münasibətlərin növbəti mərhələsinə müsbət təsir edəcək amil olaraq dəyərləndirilə bilər. Bu eləcə də, Avropa İttifaqı çərçivəsində də əməkdaşlığın möhkəmləndirilməsinə mütləq şəkildə töhfə verə bilər”.
Seçilən
57
17
sherg.az

10Mənbələr