Bu gün Ağstafa və Tovuz rayonlarının meşə fondu torpaqlarında aparılan meşəbərpa tədbirlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Ağstafa rayon icra hakimiyyətinin rəsmiləri, Meşələrin İnkişafı Xidmətinin və regional ekologiya idarələrinin əməkdaşları iştirak edib. Əvvəlcə Ağstafa rayonundakı Poylu meşəbəyliyinin 1,2 hektar sahəsində 1500 ədəd Şərq çinarı əkilib. Bunu Meşələrin İnkişafı Xidmətinin rəisi Ramik Əşrəfov bildirib.
O qeyd edib ki, daha sonra iştirakçılar Tovuz rayonu ərazisindəki Qovlar meşəbəyliyinin zərərverici və xəstəliklərə yoluxaraq qurumuş şam ağacı meşəliyinin 3 hektarında aparılan meşəbərpa tədbirlərinə qoşulub və 2500-dən artıq Eldar şamı ağacı əkiblər.
Ekologiya.az bildirir ki, xidmət rəisinin sözlərinə görə, növbəti günlərdə də sözügedən ərazilərdə meşəbərpa tədbirləri davam etdiriləcək.