Ziraat Bank Azərbaycan 10 illiyi münasibəti ilə Naxçıvan şəhərində yeni, 10-cu filialını müştərilərin istifadəsinə təqdim edib. Filial açılışından öncə Türkiyə Respublikasının Naxçıvan Muxtar Respublikasındaki Baş Konsolu Asip Kaya və Bank rəhbərliyi Ulu Öndər Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət edərək dərin ehtiramla onu yad ediblər. Heydər Əliyev adına olan muzeyi ziyarət edən Bank nümayəndələri, T.C. “Ziraat Bankası”-nın Naxçıvan şəhərində nümayəndəliyin açılışı ilə bağlı 33 il öncə Ulu Öndər Heydər Əliyev tərəfindən yazılan təbrik mətni ilə tanış olublar.
Filialın təntənəli açılışında Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin əməkdaşı Günay Nəzərova, Türkiyə Respublikasının Naxçıvan Muxtar Respublikasında Baş Konsolu Asip Kaya, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini icra edən Abbas İsmayılov, Naxçıvan Muxtar Respublikasının maliyyə nazirinin müavini Elvib Əlimərdanov, Azərbaycan Respublikası Mərkəzi Bankı Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri Elçin Əliyev, Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Naxçıvan Muxtar Respublikasındakı idarəsinin rəisi Vüsal Ələkbərli, Naxçıvan Muxtar Respublikası kənd təsərrüfatı nazirinin müavini, nazirin vəzifələrini icra edən Xəyalə Dadaşova, Sahibkarlığın İnkişafı fondunun İdarə Heyətinin sədri Vüsal Novruzov, Azərbaycan Respublikası Naxçıvan İpoteka Fondunun İdarə Heyətinin sədri Yalçın Vəliyev, digər rəsmilər və dövlət xadimləri Ziraat Bank Azərbaycanın İdarə Heyətinin sədri Dr. Selçuk Demir ilə birlikdə rəmzi qırmızı lenti kəsərək bankın Naxçıvan filialını müştərilərin istifadəsinə təqdim etdilər.
Təntənəli açılış tədbirində Baş Konsul çıxış edərək Ziraat Bank Azərbaycanın Naxçıvan Muxtar Respublikasında filial açmasının Türkiyə-Azərbaycan ticari və iqtisadi münasibətlərinin inkişafına müsbət töhfə verəcəyini vurğuladı. Bankın sədri Dr. Selçuk Demir öz çıxışında Naxçıvan filialının açılışında iştirak edən qonaqlara öz təşəkkürünü bildirdi. Filialın açılışında iştirak edən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin əməkdaşı Günay Nəzərova, Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli adından hər kəsi salamlayaraq, Ziraat Bank Azərbaycanın əsas səhmdarı olan T.C. “Ziraat Bankası”-nın Türkiyənin ən önəmli banklarından biri olduğunu vurğulayaraq, Naxçıvanda bu filialın uğur qazanacağına inandığını bildirdi. Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini icra edən Abbas İsmayılov öz çıxışında Ziraat Bank Azərbaycanın Naxçıvanda filial açmasının bank sektorunda rəqabətliliyin artmasına və inkişafına töhfə verəcəyini vurğuladı. Ziraat Bank Azərbaycanın sədri Dr. Selçuk Demir, öz müsahibəsində dünyanın 19 ölkəsində fəaliyyət göstərən Ziraat Maliyyə Qrupunun üzvü olan Ziraat Bank Azərbaycanın Naxçıvan Muxtar Respublikasında filial açmasında xarici ticarət əməliyyatlarında sahibkarla dəstək olmaqla yanaşı, real sektorun inkişafına böyük rol oynayacağına inandığını vurğuladı.