AZ

Atəşkəsin AMMASI: “İsrail hakimiyyəti buna hazır deyil”

“İsrail və HƏMAS arasında əldə olunan atəşkəs, ümumiyyətlə, baş tutmaya da bilər, çünki İsrail hökuməti qarşısına qoyduğu heç bir məqsədə nail olmayıb”.

Bu fikri İsrail və HƏMAS arasında əldə olunan atəşkəs və bunun davamlı olub-olmayacağını Yenicag.az-a şərh edən hərbi ekspert Tərlan Eyvazov deyib.

Onun sözlərinə görə, İsrail tərəfi qarşısına qoyduğu heç bir məqsədə çata bilmədi:

“HƏMAS yaranandan bu cür atəşkəslər 3 dəfə olub. Livanda “Hizbullah”la da belə hallar yaşanıb. Hər dəfə də bu atəşkəslər pozulub. Son atəşkəsin pozulması ilə 1 il 3 aydan çox vaxt keçib ki, döyüşlər gedir. Orada çox qanlar axdı. 50 minə yaxın fələstinli öldürülüb, İsrail özü də az itki verməyib. Qəzza zolağı tamamilə darmadağın edilsə də, İsrail qarşısına qoyduğu məqsədə çata bilməyib”.

Həmsöhbətimizin fikrincə, məsələnin bu cür davam etməsi həm beynəlxalq ictimaiyyəti, həm Rusiyanı, həm Türkiyəni, həm də ərəb ölkələrini narahat edirdi:

“Netanyahuya elə bir təzyiq olub ki, onlar atəşkəsə getməli oldular. Atəşkəs olandan sonra daimi sülhün olması üçün sülh sazişi olmalıdır. Bunun üçün də fələstinlilərin tələbləri qəbul olunmalıdır. Hər bir halda kompromisə gəlsələr, BMT-nin məlum qərarları yerinə yetirilməlidir. Ancaq İsrail hakimiyyəti buna hazır deyil. O qərar yerinə yetirilməyənə qədər orada daimi atəşkəsin olacağı düşüncəsində deyiləm”.

“İsrail hökumətinin daxilində atəşkəslə razılaşmayan, hətta istefa vermək istəyən şəxslərin olduğu da deyilir. Tramp deyir ki, atəşkəsi mən etdim, Bayden də son çıxışını qabağa salıb bildirdi ki, atəşkəsi o edib. Ancaq Netanyahu hələ bu yöndə açıqlama verməyib. Hətta ola bilər ki, atəşkəs, ümumiyyətlə, baş tutmasın. Çünki hökumət qarşısına qoyduğu heç bir məqsədə nail olunmayıb”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Səxavət Məmməd

Seçilən
21
17
yenicag.az

10Mənbələr