Türkiyə Birləşmiş Millətlər Təşkilatının (BMT) Daimi Nümayəndəliyinin Müvəqqəti işlər vəkili Aslı Güvən gecikmiş olsa da, Qəzzada əldə olunan atəşkəsin ümid işığı yaratdığını bildirib. O, BMT Təhlükəsizlik Şurasında (BMT TŞ) keçirilən İsrail-Fələstin məsələsinə dair yüksək səviyyəli iclasda çıxış edib. Aslı Güvən “Qəzzada əldə olunan atəşkəs ümid işığıdır. Razılaşmanın tam şəkildə tətbiq edilməsi, daimi hala gətirilməsi və Qəzzaya təcili humanitar yardım çatdırılması böyük əhəmiyyət daşıyır”, - deyə qeyd edib. O, İsrailin öhdəliklərini yerinə yetirməsinin təmin edilməsinin, daimi atəşkəsin təsis olunmasının vacibliyinə diqqət çəkərək İsrailin Qəzzadan çıxması və humanitar yardımların təxirə salınmadan və fasiləsiz çatdırılmasının vacibliyini vurğulayıb.
Aslı Güvən əlavə edib: “Davam edən qeyri-qanuni işğal və Fələstin xalqının hüquqlarının inkarı münaqişənin əsas amilləridir. Türkiyə bu fundamental məsələlərin həllinə qətiyyətlə dəstək verir və daimi sülh üçün yeganə tətbiq edilə bilən həll yolu olan iki dövlət həllinə sadiqdir.”
Türk vəkil BMT Baş Assambleyasının sentyabr 2024-cü il tarixli qərarına uyğun olaraq qeyri-qanuni işğalın sona çatdırılması və Fələstinin tam hüquqlu BMT üzvü kimi tanınması üçün səylərin artırılmasının zəruri olduğunu bildirib: “Son 15 ay ərzində törədilən cinayətlər cəzasız qalmamalıdır. Kütləvi cəzalandırma, mülki şəxslərin ölümü və humanitar yardım işçilərinə qarşı hücumlar cəzasız qalmamalıdır.”
Daimi və hərtərəfli sülhün təmin edilməsi üçün danışıqların dərhal başlanmasının vacibliyini ifadə edən Aslı Güvən çıxışını belə yekunlaşdırıb: “Problemin əsas səbəblərini aradan qaldıraraq əzabların sona çatmasını təmin edə və Orta Şərqdə davamlı sülh üçün uyğun şərait yarada bilərik. Bu çərçivədə Təhlükəsizlik Şurasını öhdəliklərini yerinə yetirməyə çağırırıq. Ölkəmiz bu istiqamətdə səyləri dəstəkləməyə və Fələstin xalqının yanında dayanmağa davam edəcək.”