ABŞ prezidenti Cozef Baydenin administrasiyası səlahiyyət müddətinin bitməsinə bir neçə gün qalmış Kubanı terrorizmə sponsorluq edən dövlətlər siyahısından çıxarmaq niyyətində olduğunu açıqlayıb.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, ancaq bu niyyət gerçəkləşsə, ölkə uzun müddət siyahıdan kənarda qalmayacaq.
Bildirilir ki, böyük ehtimalla gələn həftə Ağ Evin yeni sahibinin inauqurasiyasından sonra Kuba yenidən həmin siyahıya qaytarılacaq. Donald Trampın özü Kubaya və onun rəhbərliyinə son dərəcə mənfi münasibət bəsləyir. Amerikanın növbəti “Havana yürüşü”nün əsas təşkilatçısının ABŞ dövlət katibi vəzifəsinə namizəd Marko Rubio olacağı bildirilir.
O, Baydenin qərarını "tamamilə əsassız" olduğu üçün tənqid edərək deyib ki, Kubanın terrorun sponsoru olduğuna şübhə yoxdur. Rubio Havananın Kolumbiyada "narko-terror təşkilatlarını" dəstəklədiyini iddia edir.
Qeyd olunur ki, gələcək dövlət katibi kubalı mühacir ailəsindəndir və adaya qarşı yeni, daha da sərt sanksiyaların tətbiqini tələb etməklə yanaşı, həm də orada hökumətin mümkün qədər tez dəyişməsi üçün mümkün olan hər şeyi edəcəyini vəd edir.
Ağ Evin Kubanın terrorizmi himayə etməkdə ittiham olunmayacağı ilə bağlı açıqlaması Kuba hökumətinin Trampın andiçmə mərasimi günü müxtəlif cinayətlərə görə məhkum edilmiş 550-dən çox adamı azadlığa buraxmaq qərarından sonra verilib. İddiaya görə, rəsmi Havanadan bunu Vatikan və şəxsən Papa Fransisk tələb edib.
Musavat.com