Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Quba Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin inzibati binasında Quba, Qusar və digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.
“Qafqazinfo” xəbər verir ki, qəbuldan öncə Zaur Mikayılov və Quba rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov şəhərin mərkəzində ucaldılan Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Daha sonra Z.Mikayılov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.
Müraciətlər əsasən suvarma suyuna olan tələbatın ödənilməsi, kanalların beton üzlüyə alınması, yeni subartezian quyularının qazılması, içməli su təchizatı, kanalizasiya şəbəkələrinin yenidən qurulması, selə qarşı mübarizə tədbirlərinin artırılması çərçivəsində çay məcralarının tənzimlənməsi və daş-beton bəndlərin qurulması, işə qəbul və digər məsələlərlə bağlı olub.
Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.