İsrail və HƏMAS-ın barəsində razılıq əldə etdiyi Qəzzada atəşkəs və girov mübadiləsi razılaşmasının birinci mərhələsində azad ediləcək 33 israilli girovun adlarının siyahısı açıqlanıb.
“The Jerusalem Post” qəzeti yazıb ki, son bir neçə saatdır ki, israilli girovların bazar günü, yanvarın 19-da azad edilməsi üçün səylər davam edir.
İsrail Baş Nazirlikdən verilən yazılı açıqlamada razılaşmanın imzalanması və hökumət tərəfindən təsdiqlənməsi ilə bağlı gecikmələrə baxmayaraq, girovların 19 yanvar bazar günü planlaşdırıldığı kimi sərbəst buraxılacağı gözlənilir.
Bəyanatda deyilir ki, atəşkəs razılaşması həm təhlükəsizlik kabineti, həm də hökumət tərəfindən təsdiqləndikdən və qüvvəyə mindikdən sonra “girovların azad edilməsi prosesi planlaşdırılan layihəyə uyğun həyata keçirilə bilər”.
Razılaşmaya əsasən, bu bazar günü üç israilli qadın əsir azad ediləcək və 42 gün davam edəcək razılaşmanın birinci mərhələsində azad ediləcək girovlar qadınlar, qocalar və xəstələrdən ibarət olacaq.
Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) İsrail və HƏMAS arasında girov mübadiləsi prosesini həyata keçirəcək, ayrıca qruplar Qəzzada saxlanılan girovları İsrail ordusuna təhvil verəcək.
İsrail ordusuna təhvil verilən girovların ailələrinə məlumat verildikdən sonra İsrail Baş Nazirliyi tərəfindən açıqlama verilərək, azad edilən girovlarla bağlı ictimaiyyətə məlumat təqdim ediləcək.