Rusiya və İran prezidentləri Vladimir Putin və Məsud Pezeşkian arasında görüş baş tutub. İclasın təfərüatları haqda geniş məlum verilməsə də, İran və Rusiya arasında hərtərəfli strateji əməkdaşlıq sazişinin imzalanması, həyata keçirilməsi və digər məsələlərin müzakirə aparıldığı qeyd olunur. Bu məsələlərdən biri də Cənubi Qafqaz mövzusudur.
Azərbaycana qonşu ölkələrin liderlərinin görüşü barədə Redaktor.az-a danışan politoloq Tural İsmayılov bildirdi ki, Rusiya ilə İranın Cənubi Qafqaza yanaşmasında müəyyən fərqlər mövcuddur:
"Pezeşkian və Putin arasındakı görüşdə mütləq şəkildə danışılası məsələlərdən biri heç şübhəsiz ki, Cənubi Qafqaz mövzusudur. Rusiya ilə İranın Cənubi Qafqaza yanaşmasında müəyyən fərqlər artıq göz önündədir. Rusiya çox açıq-aydın formada Ermənistan ərazisində Avropa İttifaqının mülki missiyası adı altında casus fəaliyyəti göstərməyinə etiraz edir və bununla bağlı mövqelərini də çox aydın bir formada izah edir. Lakin Rusiyadan fərqli olaraq İran bu günə qədər Ermənistana publik şəkildə hansısa etirazlar etməyib. Sonuncu olaraq Amerika Birləşmiş Ştatları ilə Ermənistan arasında imzalanmış "strateji müttəfiqlik xartiyası"na Rusiya Sergey Lavrov, Mariya Zaxarova səviyyəsində narazılığını bildirsə də, İranın publik etirazını görmürük".
Politoloq qeyd etdi ki, Rusiya və İranın bu layihəyə yanaşmaları fərqlidir. Onun sözlərinə görə, Rusiya Zəngəzur dəhlizinin açılmasını regionun inkişafı və sabitliyi üçün vacib hesab edir, lakin İran bu layihəyə mane olmağa çalışır:
"Həmçinin Zəngəzur dəhlizi kimi önəmli kommunikasiya layihəsi bu gün İran tərəfindən əngəllənir və İran bu layihəni əngəlləmək üçün Ermənistana hər cür dəstəyi göstərməyə davam edir. Mən hesab edirəm ki, özəlliklə Zəngəzur dəhlizinə yanaşmada İran və Rusiyanın düşüncələrində fərqlər mövcuddur və yəqin ki, Pezeşkianla Putinin görüşündə Zəngəzur dəhlizi və onun açılması məsələsi ətrafında da ciddi müzakirələr aparılıb. Eyni zamanda Rusiya ilə İran bu gün müttəfiqliklə bağlı bir tarixi anlaşmaya imza atırlar. Bundan sonra müəyyən konseptual məsələlərdə də İran məzhəbçi və qeyri-rasionalist baxışlarını kənara qoyub regionun inkişafı naminə müəyyən layihələrdə artıq tormozlayıcı, əngəlləyici, Ermənistan dəstəkçisi qismində görünməməlidir".
Türkan İSGƏNDƏRLİ