AZ

Moskvada Rusiya və İran prezidentləri arasında danışıqlar aparılır

Rusiya və İran nüvə enerjisi də daxil olmaqla birgə layihələr həyata keçirməyə davam edir.

AZƏRTAC xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin iranlı həmkarı Məsud Pezeşkian ilə danışıqları zamanı deyib.

V.Putin qeyd edib ki, Moskva və Tehran birgə layihələr, o cümlədən nüvə enerjisi sahəsində əməkdaşlığı həyata keçirməkdə davam edir və “başqa mümkün layihələr də var”. O, iki ölkə arasında ticari-iqtisadi əlaqələrin hazırkı inkişaf tempini kifayət qədər məqbul adlandırıb və vurğulayıb ki, M.Pezeşkianın Rusiyaya səfəri xüsusi əhəmiyyət kəsb edir, çünki İranla strateji tərəfdaşlığa dair böyük Saziş imzalanacaq.

Rusiya Prezidentinin sözlərinə görə, iki ölkə arasında yeni Saziş əməkdaşlığın bütün sahələrinə əlavə təkan verəcək.

Öz növbəsində, M.Pezeşkian qeyd edib ki, İranla Rusiya arasında münasibətlər strateji və hərtərəfli xarakter daşıyır. O, Moskva danışıqlarının İranda atom elektrik stansiyasının tikintisinə dair razılaşmaların yekunlaşmasına kömək edəcəyinə və Rusiya ilə tərəfdaşlıq Sazişinin “irəli addımlamaq üçün möhkəm təməl” olacağına ümid etdiyini bildirib.

İran Prezidenti Məsud Pezeşkian Moskvada səfərdədir. O, artıq Rusiya hökumətinin başçısı Mixail Mişustinlə görüşüb. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib ki, iki liderin danışıqlarından sonra Kremldə mətbuat konfransı planlaşdırılıb. O, həmçinin danışıqlar zamanı bir sıra sənədlərin, o cümlədən tərəfdaşlıq Sazişinin imzalandığını açıqlayıb.

Seçilən
0
4
yeniazerbaycan.com

10Mənbələr