AZ

Dövlət dəstəyi ilə çəkilən filmlər təqdim olundu - Fotolar

Yanvarın 17-də Nizami Kino Mərkəzində “Narqız” animasiya, “Tərsinə kölgələr” və “Erkən hisslər” qısametrajlı bədii filmlərinin təqdimatı keçirilib.

Musavat.com bildirir ki, Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) dəstəyi ilə lentə alınmış hər üç film 2023-cü ildə keçirilən “Dövlət sifarişi və dəstəyi ilə istehsal ediləcək film layihələri müsabiqəsi” və 2024-cü ildə keçirilən “Post-prodakşn mərhələsində olan film layihələrinə dəstək” müsabiqəsində qalib gəlmiş ekran əsərləridir.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi İlqar Fəhmi qeyd edib ki, bir il ərzində yaradıcı komanda tərəfindən müxtəlif layihələr üçün post-prodakşna müraciətlər daxil olub: "Filmlərin çəkilişi artıq başa çatıb, lakin onların tam hazır olması üçün əlavə dəstək və resurslara ehtiyac olduğu açıq-aşkar görünür.

Bu müddət ərzində təqdim olunan layihələrdən ikisi - “Narqız” və “Erkən Hisslər” 2023-cü il müsabiqəsində ssenarisi qəbul olunan ən uğurlu işlərdən sayılır. “Tərsinə Kölgələr” adlı film də diqqətəlayiqdir. Film öz hesabına çəkilib və yalnız post-prodakşn mərhələsində dəstək alıb".

ARKA-nın baş direktoru, Əməkdar incəsənət xadimi Orxan Fikrətoğlu çıxışında qeyd edib ki, Azərbaycan kinosunun inkişafına töhfə vermək məqsədilə müxtəlif istiqamətlərdə mühüm işlər həyata keçirilir.
Agentliyin bədii şurasının üzvü, kinorejissor Yavər Rzayev isə vurğulayıb ki, müasir yanaşmalar və aktual mövzuları əhatə edən layihələr həm yerli, həm də beynəlxalq səviyyədə böyük maraq doğurur.

Çıxışlardan sonra “Narqız” animasiya, "Tərsinə kölgələr” və “Erkən hisslər” qısametrajlı bədii filmlər nümayiş olunub.

Qeyd edək ki, “Peri Film” MMC tərəfindən istehsal olunmuş “Narqız” filminin rejissoru tamaşaçıların “Tıq-tıq xanım” animasiya filmi ilə yaxşı tanıdığı Məsud Pənahidir.

“Erkən hisslər” qısametrajlı bədii filmi isə “Rental Azərbaycan” MMC tərəfindən istehsal olunub, 2023-cü ilin sonunda keçirilmiş film müsabiqəsində qalib gəlib. Film gənc rejissor Nurlan Həsənli tərəfindən lentə alınıb.

Kinotənqidçi, rejissor Hacı Səfərovun “Tərsinə kölgələr” qısametrajlı bədii filmi “Chinar Film” MMC tərəfindən istehsal olunub. Film 2024-cü ildə ARKA tərəfindən keçirilən “Post-prodakşn mərhələsində olan filmlərə dəstək” müsabiqəsində qalib gəlib.

Xatırladaq ki, ötən bir il ərzində Mədəniyyət Nazirliyi və ARKA tərəfindən 40-dan çox film layihəsinə maliyyə ayrılıb. Həmin filmlərin təqdimatı il ərzində davam edəcək.

 

Xalidə Gəray
Fotolar müəllifindir
Musavat.com

Seçilən
0
12
musavat.com

10Mənbələr