Qanunvericilikdə deyilir ki, bələdiyyələr orderi, “kupçası”, yəni çıxarışı olmayan mənzillərdən vergi toplaya bilməzlər. Ancaq reallıqda bu belə deyil. Bələdiyyələr çıxarışı olmayan evlərdən də vergi toplayır.
Xüsusən də Bakıətrafı kənd və qəsəbələrdə belə hal daha çox müşahidə edilir. Məsələn, Maştağa qəsəbəsi bələdiyyəsi bu işlərlə məşğul olur. Görəndə ki, sakinlərin bundan xəbəri yoxdur, bundan sui-istifadə edərək mənzillərdən vergi toplamağa çalışırlar. Dəfələrlə belə hallar baş verib. Bir çox sakinlər bunun qanunsuz olduğunu bilmir.
Ümumiyyətlə, bələdiyyələrin çıxarışı olmayan evlərdən mənzil vergisi toplaması nə dərəcədə doğrudur?
Sözügedən məsələ ilə əlaqədar Maştağa bələdiyyəsinin mövqeyini öyrənməyə çalışsaq da, bu mümkün olmadı.
İlqar Hüseynli: “Hər hansı əmlak və torpaq vergilərinin tutulması qanunauğun deyil deyə bilərik, amma...”
Sözügedən məsələyə aydınlıq gətirən ekspert İlqar Hüseynli “Bakı-Xəbər”ə açıqlamasında buna birmənalı yanaşmadı: “Burada iki məsələ var. Birincisi, əgər çıxarışı olmayan evlərdən söhbət gedirsə, bu o deməkdir, vətəndaş hələ ki, mülkiyyət hüququna sahib deyil. Əgər mülkiyyət hüququna sahib deyilsə, ondan hər hansı əmlak və torpaq vergilərinin tutulması qanunauğun deyil deyə bilərik. Ancaq bir şey də var ki, faktiki olaraq orada yaşayırsa və bələdiyyənin hüdudlarında onun mənzili varsa, hətta nəzəri cəhətdən çıxarışsız deyilsə belə, bu o deməkdir ki, o, bələdiyənin həmin ərazidəki torpağından istifadə edir. Yəni istifadə edirsə, tövsiyə olunandır ki, o, vergiləri ödəsin. Çox da böyük məbləğ deyil. Əmlak və torpaq vergilərinin ödənilməsi tövsiyə olunandır. Niyə? Çünki faktiki olaraq, hüquqi cəhətdən olmasa da, fiziki cəhətdən həmin torpaqlardan vətəndaş istifadə edir. Yığılan vəsaitlər də bələdiyyənin sosial imkanlarının gücləndirilməsinə xidmət edir. Məsələn, yol infrastrukturunun, su-kanalizasiya sisteminin yaxşılaşdırılmasına və s. İndi məsələnin korrupsiya tərəfləri ilə işim yoxdur. Yəni burada seçim vətəndaşa məxsusdur. Əgər o istəsə, vergiləri ödəməyə də bilər. İstəsə vergiləri ödəyə də bilər. Onun ödənişi bir sosial dəstək funksiyası kimi götürülə bilər. Ancaq qanuni olaraq çekini, qəbzini tələb etməlidir. Ancaq bir məsələ var ki, gələcəkdə bələdiyyənin həmin torpaqlardan çıxarış alması üçün sənədləşdirmə zamanı bir üstünlük olacaq. Vətəndaş nəzəri cəhətdən sənədlərini almasa belə, o torpaqlara illərdir dövlətin vergisini ödəyir. Ancaq sırf hüquqi cəhətdən məsələyə baxanda vətəndaş o vergiləri ödəməyə bilər”.
Qulamhüseyn Əlibəyli: “Mülkiyyət hüququ tanınmayıbsa, rəsmiləşməyibsə, həmin şəxs vergi verməməlidi”
Sabiq millət vəkili, hüquqşünas Qulamhüseyn Əlibəylinin fikrincə, qüvvədə olan Vergi Məcəlləsinə əsasən fiziki şəxslərin xüsusi mülkiyyətində olan tikililərdən və yaxud da onların ayrı-ayrı hissələrindən əmlak vergisi tutulur: “Bu əmlak vergisi bələdiyyələr tərəfindən hesablanır və bələdiyyə büdcəsinə ödənilmiş olur. Vergitutmanın obyekti məhz xüsusi mülkiyyətdə olan tikililər və onun ayrı-ayrı hissələridir. Bu o deməkdir ki, əgər bir şəxsin həmin əmlak üzərində, onun hissələri üzərində mülkiyyət hüququ tanınmayıbsa, rəsmiləşməyibsə, həmin şəxs vergi verməməlidir. Yəni əmlak vergisi ödəməmilidir. Çünki xüsusi mülkiyyət yoxdursa, rəsmən tanınmayıbsa, onda əmlak vergisi də hesablana bilməz. Ancaq buna baxmayaraq, həqiqətən də bir çox bələdiyyələr buna əməl etmir və sui-istifadə hallarına yol verir. Əhalinin müəyyən hissəsinin konkret bu məsələlərlə bağlı savadlılıq səviyyəsi aşağıdır. Qanunvericiliyin mürəkkəbliyi, dolaşıqlığı həmin qanunvericiliyi də öyrənməyə imkan vermir. Nəticədə bələdiyyələr bundan sui-istifadə edirlər. Ona görə də bələdiyyələrin xüsusi mülkiyyətdə olmayan əmlak üzərinə vergi hesablaması qanunsuzdur. Buna görə bələdiyyə məsuliyyət daşımalıdır”.
Vidadi ORDAHALLI