Azərbaycanda həkimlərin əməliyyat zamanı canlı yayım açması cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Bəzi insanlar bunu tibbi maarifləndirmə və şəffaflıq baxımından müsbət qiymətləndirsə də, digərləri xəstə hüquqları, etik normalar və məxfilik prinsiplərinin pozulması kimi mənfi aspektləri önə çəkir. Həkimlərin bu addımı nə dərəcədə düzgündür? Tibb Universitetinin Farmakologiya kafedrasının dosenti, tibb eksperti Aydın Əliyev Metbuat.az-a açıqlamasında bildirib ki, həkimlərin əməliyyat əsnasında canlı yayım etmələri doğru deyil: “Ümumiyyətlə, artıq həkimlərin televiziyalarda, mətbuatda reklam olunması ölkədə problem kimi ortaya çıxıb. Burada söhbətin kökü, əslində, stajı və diplomu olmayan həkimlərin təbliğ olunmasıdır. Çox yüksək mənada fikirləşəndə həkimin təbliğata ehtiyacı yoxdur. Onsuz da xəstələri lazımi gəldikcə onu təbliğ edirlər”. Ekspert onu da əlavə edib ki, həkimlərimizin efir, sosial media və s. ilə tanınmasının müsbət tərəfləri də var: “Xəstələrimiz bəzən həkim tapa bilmirlər və xaricə getməyə məcbur qalırlar. Bu da çoxlu xərc tələb edir, büdcəmizə də çox ziyandır. Lakin təbii ki, bu təbliğatlar müəyyən qayda-qanun çərçivələrində olsa, daha yaxşı olar. Bəs həkimlərin əməliyyatlarını canlı yayımda nümayiş etdirmələri ilə bağlı hansısa tədbir görüləcək? Analitik Ekspertiza Mərkəzindən Metbuat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, qeyd edilən faktın qanunvericilik çərçivəsində araşdırılması üçün tapşırıq verilib. Tədbirlər görülür. Araşdırmanın nəticəsi barədə məlumat veriləcək. Sevinc İbrahimzadə / Metbuat.az