Serbiyanın “Srvena Zvezda” klubunun mərkəz müdafiəçisi Stefan Lekoviç bundan sonra “Montsa”nın uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə İtaliya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
A Seriyası təmsilçisi 21 yaşlı futbolçunu mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürüb.
Stefan Lekoviç “Srvena Zvezda”nın öz yetirməsidir. O, Serbiya klubunun əsas komandasında 22 oyuna çıxıb, 2 qola imza atıb. Lekoviç 2022-ci ildə “Qrafiçar”da, 2023/2024-cü illər mövsümündə “Vilyarreal”da da icarədə olub.
Müdafiəçi Serbiyanın U-16, U-17, U-18, U-19 və U-21 yığmalarında çıxış etsə də, əsas millidə debüt şansı qazanmayıb.
“Transfermarkt” internet-portalı 21 yaşlı müdafiəçinin transfer dəyərini 1,8 milyon avro məbləğində qiymətləndirir.