AZ

Mergim Berişa “Hoffenhaym”ı “Auqsburq”a dəyişdi

Almaniyanın “Hoffenhaym” klubu iki futbolçusunu – hücumçu Mergim Berişa ilə müdafiəçi Coşua Kuarşini icarəyə verib.

Arena.az bu barədə Bundesliqa təmsilçisinin mətbuat xidmətinə istinadən məlumat verir.

Kuarşi “Qroyter”ə üz tutubsa, Berişa Bundesliqanın digər təmsilçisi “Auqsburq”a keçib. Onların hər ikisi cari mövsümün sonunadək icarədə olacaq.

Coşua Kuarşi “Şalke”, “Fortuna” (Düsseldorf) və “Rot Vayss Essen” kimi klublardan keçsə də, peşəkar karyerasına “Hoffenhaym”da başlayıb. Əslən Qanadan olan 20 yaşlı almaniyalı müdafiəçi “Hoffenhaym”ın əsas komandasında cəmi 1 oyun keçirib. O, Almaniyanın U-18, U-19 və U-20 yığmalarının da formasını geyinib.

Mergim Berişa isə “Zalsburq”un yetirməsidir. 26 yaşlı forvard karyerası ərzində “Liferinq”, “Zalsburq”, LASK, “Maqdeburq”, “Altax”, “Fənərbaxça” kimi klubların da formasını geyinib. “Hoffenhaym” Berişanı 2023-cü ilin avqustunda 14 milyon avro müqabilində elə “Auqsburq”dan transfer edib. O, “Hoffenhaym”ın heyətində 24 oyuna çıxıb, 1 qol və 1 assistlə yadda qalıb. Berişanın “Auqsburq” karyerası isə 26 oyun, 9 qol və 4 məhsuldar ötürmədən ibarətdir.

Mergim Berişa Almaniyanın U-21 yığmasında oynayıb, bu ölkənin əsas millisində isə 2 oyun keçirib.

“Auqsburq”da üç ayrılıq

“Auqsburq” da üç futbolçusu ilə vidalaşıb. Mərkəz müdafiəçisi olan Maksimilian Bauer “Kayzerslautern”ə, hücumçu İrvin Kardona isə “Sent Etyen”ə icarəyə verilib. Onların hər ikisi mövsümün sonunadək icarədə olacaq.

Bauer “Qroyter Fürt” klubunun yetirməsidir. 2022-ci ildən “Auqsburq”da çıxış edən 24 yaşlı alman müdafiəçi meydana çıxdığı 55 oyunda 1 qol və 1 assistlə yadda qalıb. O, Almaniyanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında (U-18, U-19, U-21) da oynayıb.

İrvin Kardona isə “Monako”nun yetirməsidir. 27 yaşlı fransalı hücumçu karyerası ərzində “Serkl Brügge”, “Brest”, “Espanyol” kimi klubların da şərəfini qoruyub. 2024-cü ildə də “Sent Etyen”də icarədə icarədə olmuş futbolçu Liqa 1 təmsilçisinin heyətində 22 oyuna 10 qol vurub, 3 assistlə yadda qalıb. Kardonanın “Auqsburq” karyerası isə cəmi 13 oyun, 1 qol və 1 assistdən ibarətdir. Fransanın U-18 və U-20 yığmalarında da oynamış İrvinə əsas yığmada ehtiyac duyulmayıb.

“Auqsburq”un sol vingeri Masaya Okuqava isə Bundesliqa təmsilçisindən birdəfəlik ayrılaraq Yaponiyanın “Kyoto Sanqa” klubuna keçib. 28 yaşlı yapon futbolçu yeni klubu ilə 2027-ci ilin 30 iyununadək anlaşıb.

Karyerasına məhz “Kyoto Sanqa”da başlamış Okuqava, karyerası ərzində “Zalsburq”, “Liferinq”, “Mattersburq”, “Holştayn”, “Arminiya”, “Hamburq” kimi klublarda da forma geyinib. 2023-cü ildən “Auqsburq”da çıxış edən vinger, bu klubun əsas komandasında meydana çıxdığı 2 oyunda fərqlənə bilməyib.

Seçilən
36
8
arena.az

10Mənbələr