AZ

Pərvanə Vəliyevanın təşəbbüsü ilə hazırlanan “Əbədi qəhrəmanlar” kitabının təqdimat mərasimi keçirilib - FOTOLAR

Yanvarın 18-də Yeni Azərbaycan Partiyasının (YAP) Xətai Rayon Təşkilatında Xətai rayonunun şəhidlərinə həsr olunan “Əbədi qəhrəmanlar” adlı kitabın təqdimat mərasimi keçirilib.

QHT.az xəbər verir ki, tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin, Ağsaqqallar Şurasının nümayəndələri, Milli Məclisin deputatları, şəhid ailələrinin üzvləri iştirak ediblər.

YAP Xətai Rayon Təşkilatının sədri Ramil Mirzəyev şəhidlərimizə dövlət qayğısından və onların qəhrəmanlığını əbədiləşdirəcək layihələrin əhəmiyyətindən söz açıb. Bu xüsusda, şəhidlərimizin fədakarlığını, onların Vətən sevgisini və şücaətlərini gələcək nəsillərə çatdıracaq materialların hazırlanmasının vacibliyini vurğulayıb.

Çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun torpaqlarımızı işğaldan azad etdiyini xatırladıb. O, şəhidlərimizin bu fədakarlığının Azərbaycan xalqının yaddaşında əbədi qalacağına diqqət çəkib.

Çıxış edən Milli Məclisin deputatı Vüqar Rəhimzadə şəhidlərimizin əmanəti olan ailələrə dövlət qayğısından bəhs edib. O əlavə edib ki, ölkə mediası şəhidlərimizi diqqətdə saxlamaqla onların əziz xatirəsinin daim yad edilməsinə töhfə verir.

Milli Məclisin deputatı Pərvanə Vəliyeva “Əbədi qəhrəmanlar” kitabında 2016-cı il Aprel döyüşlərində, 2020-ci il Tovuz döyüşlərində, 44 günlük Vətən müharibəsində, eləcə də 2021-ci ildə baş vermiş helikopter qəzasında, 2022-ci ildə Kəlbəcər, Xocalı rayonu ərazisində Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının qarşısının alınmasında, 2023-cü ilin sentyabr ayında keçirilmiş antiterror əməliyyatında qəhrəmancasına həlak olan 89 şəhid barədə məlumatların yer aldığını qeyd edib.

Xətai Rayon Ağsaqqallar Şurasının sədri, şəhid atası Mürvət Əsgərov, təşkilatın sədr müavini, şəhid atası Meyvəddin Ramaldanov, eləcə də digər şəhid ailələri kitabın ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkürlərini bildiriblər.

Tədbirdə iştirak edən qonaqlara “Əbədi qəhrəmanlar” kitabı paylanıb.

Qeyd edək ki, “Əbədi qəhrəmanlar” kitabı Milli Məclisin deputatı Pərvanə Vəliyevanın təşəbbüsü ilə hazırlanıb.

 

Seçilən
123
15
qht.az

8Mənbələr